Zaxarova “sağ göstərib sol vurur”! – “Erməni təxribatını Qərbin üzərinə atır" 

“Digər strukturların müdaxiləsi sabitliyin pozulmasına gətirib çıxaracaq”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru saytının jurnalisti Sona Rüstəmovanın aprelin 11-də Ermənistan və Azərbaycan hərbçiləri arasında baş verən insidentlə bağlı sualını cavablandırarkən bildirib.
Zaxarova qeyd edib ki, atışma Qərbin müdaxiləsi nəticəsində baş verib. 

“Uzun müddətdir davam edən bu məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər oyunçuların və ya strukturların oraya daxil olması nəzərdə tutulan effekti verməyəcək - sülhün əldə edilməsi təmin edilməyəcək. Bu, təəssüf ki, gərginləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracaq”, - deyə Zaxarova vurğulayıb.

Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a bildirib ki, bu atışmanın niyə baş verməsi mənim üçün hələ də sonacan bəlli deyil:

"Digər beynəlxalq qurumlar məsuliyyətli tərəf barəsində fikir bildirməyib. Zaxarovanın açıqlaması isə iki tərəfin də üzərindən məsuliyyəti atmağa cəhd kimi görünür. Yəni hadisə Ermənistan tərəfinin günahı ucbatından baş verib. Lakin bu qeyd edilməyib. 

Bu baxımdan açıqlamada bir şəkildə Ermənistan tərəfinə haqq qazandırılıb. Ümumiyyətlə, hər iki tərəfin günahsızlığını sübut etmək üçün hadisə Qərbin üzərinə atılır".