Üzeyir Cəfərov:“Hüquq-mühafizə orqanları bu məsələ ilə yaxından məşğul olmalı və silahların mənbəyini aşkarlamalıdırlar"
"Fikrimcə, 44 günlük savaşda ordumuz irəli gedərkən işğaldan azad olunmuş ərazilərdə müəyyən silahlar nəzarətsiz qalıb və o silahlar Bakıya və ətraf rayonlara sızıb".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ölkədə son zamanlarda avtomat tipli silahların artmasına münasibət bildirərkən deyib"
O vurğulayib ki, Azərbaycanda artıq avtomat, mina atan və pulemyot tipli ağır silahlar aşkar şəkildə satışa çıxarılır:
"Tapancanı başa düşdük, balaca silahdır və gizli şəkildə keçirmək mümkündür. Lakin son zamanlarda döyüş silahı avtomat- “Kalaşnikov”un satışa çıxarılması çox müəmmalıdır. Həm millət vəkili Fazil Mustafa və supermarketə olan hücumda, həm də yoldakı atışmadı avtomat-“Kalaşnikov”dan istifadə olunması narahatedici haldır. Ümumiyyətlə yuxarda də söylədiyim kimi, mən bu tip silahların 2020-ci ildəki Vətən müharibəsindən sonra müəyyən adamların vasitəsi ilə ölkəyə sızdırıldığını düşünürəm. Çünki sərhəddən bu tipli silahları keçirmək mümkün deyil. Orada skayner aparatları var. Yəni bütün yüklər və nəqliyyat vasitələri yoxlanılır. Hüquq-mühafizə orqanları bu məsələ ilə yaxından məşğul olmalı və silahların mənbəyini aşkarlamalıdırlar".
Qeyd edək ki, aprelin 12-də Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xüsusi Patrul Bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25.11.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Orxan İnqilab oğlu Əzizəliyev Bakı şəhəri, Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılaraq Su NPİ-yə gətirilib.
Onun üzərinə baxış zamanı bir ədəd texniki cəhətdən saz və atəş üçün yararlı olan AKMS modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah olan avtomat, 60 ədəd 7,62 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd daraq və çəkisi 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.