“İndi isə İran və Avropa İttifaqını (Aİ) Azərbaycana qarşı çevirmək istəyir”
“Ermənistanda yaranan geosiyasi vakuumu Qərb yox, İran doldurur. Aİ bundan narazıdır"
"Nikol Paşinyan hökumət iclasındakı çıxışında söylədiyi fikirlərində səmimi deyil. Ermənistan sərhədlərdən qarşılıqlı şəkildə qoşunları geri çəkmək deyəndə, sentyabr və may aylarında itirdikləri yüksəklikləri, mövqeləri nəzərdə tutur. Bir sözlə, Ermənistanın Azərbaycan torpaqlarına ərazi iddiası davam edir. Həmçinin Ermənistanın ərazində yerləşən 8 kənd Azərbaycana məxsusdur. Onlar rəsmi şəkildə həmin kəndləri qaytarmağa razı olmadıqlarını deyiblər. Bu baxımdan Azərbaycanın geri çəkilməsi onlara sərf edir".
Bunu "Sherg.az"a Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasında "qoşunları Azərbaycanla sərhəddən geri çəkməyə hazırıq" fikrinə münasibət bildirərkən siyasi şərhçi Elşən Məcidov deyib. O qeyd edib ki, ordumuzun sentyabr döyüşləri zamanı əldə etdiyi yüksəkliklər nəticəsində Ermənistanın 30 faiz ərazisinə nəzarət mümkündür:
"Paşinyan mütəmadi belə təkliflər irəli sürür, lakin rəsmi Bakı razılıq verməyəcək.
Ordumuz Zəngilan sərhədinə çatanda ruslardan sərhəddə dayanmaqlarını xahiş etmişdilər. Ruslar gələndən sonra yenə atəş açırdılar ki, adekvat cavab verəndə həmin hərbçilər hədəfə çevrilsin. İstəkləri Rusiyanın Azərbaycana qarşı qalxması idi.
Sülhməramlılar Qarabağa daxil olanda da toqquşma yaratmaqdan ötrü ermənilər təxribatlar törətdilər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana səfərindən əvvəl təxribata əl atmışdılar. ABŞ-ni əleyhimizə çıxarmaq niyyətində idilər.
Sərhəddə baş verən son toqquşma da Ermənistanın uzun separatçı siyasətinin bir hissəsidir. İndi isə İran və Avropa İttifaqını (Aİ) Azərbaycana qarşı çevirmək istəyir. Fransa əleyhimizə bəyanat qəbul etdi, lakin Ermənistanın gözlədiyi reaksiya olmadı. Çünki Aİ Ermənistanın şəraitdən sui-istifadə etdiyini yaxşı başa düşür. Mövcud boşluqdan İran da yararlanmağa çalışır. Ermənistanda yaranan geosiyasi vakuumu Qərb yox, İran doldurur. Aİ bundan narazıdır".
Qeyd edək ki, Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı çıxışında Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını da vurğulayıb.