SİQNAL! - Bilməliyik: Rəsmi İrəvanın sülhə münasibəti qeyri-səmimidir” 

Azərbaycan XİN Ermənistanı sülh sazişi üzrə danışıqlara geri qayıtmağa çağırıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində qeyd olunub.
“Ermənistan tərəfindən ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı tələb edirik”, - XİN rəsmisi qeyd edib.

Ermənistan tərəfinin sülh müqaviləsinin imzalamaqdan qaçdığını deyən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a bildirib ki, son zamanlarda həm sərhəddə baş vermiş təxribatlar, həm əsir düşən əsgərlərimizə qarşı işgəncə verilməsi, həm də ölkəmizə qarşı beynəlxalq səviyyədə böhtanlar vaxtı uzatmağa xidmət edir:

"Vaxtın uzadılmağı isə Ermənistan üçün dvidentlər qazanmağa hesablanıb. Ona görə də bilməliyik ki, İrəvanın sülh sazişinə münasibəti qeyri-səmimidir. Ancaq bir məsələ var ki, onu heç kim inkar edə bilməz. Bu, Azərbaycanın yaratdığı reallıqdır. Bu reallığın regionda tətbiq olunması və inkişaf etdirilməsi artıq qaçılmazdır. Çünki bu gün sülh və bölgədəki əminamanlıq böyük dövlətlərə daha çox lazımdır, nəinki Ermənistan və havadarlarının müharibə niyyəti. Biz bunu açıq şəkildə gorürük".

 Parlamentari qeyd edib ki, ölkə başçısının son səfərləri də bunu sübut edir:

"ABŞ və Avropa Birliyi bu gün ölkəmizlə əlaqələr quraraq öz istəklərini Azərbaycanın milli maraqlarını qəbul edərək, həyata keçirir. Təbii ki, Azərbaycanın inkişafını istəməyən və əlaqələrini dünya ilə kəsməyə çalışan qüvvələr provokasiyalara əl atacaq"

Deputat əlavə edib ki, bu provokasiyaların bir neçə mərhələsi var:

"Birincisi, Ermənistanın müxtəlif bəhanələrlə danışıqlardan qaçmasıdır. İkincisi sərhəd bölgəsində Azərbaycan ordusuna və vətəndaşlarına qarşı müxtəlif təxribatlar törətməkdir. Üçüncüsü isə onların havadarları vasitəsilə beynəlxalq səviyyədə Azərbaycana qarşı çirkin kampaniyanın aparılmasıdır. Onların bugünkü siyasəti və Azərbaycanın açıq mövqeyi sanki qarşı-qarşıya gəlib. Ancaq qüvvət nisbəti bizim xeyrimizədir. 

Çünki Azərbaycan haqq-ədalət və beynəlxalq qanun səviyyəsində davranış sərgiləyir. Əminəm ki, ölkəmizin təklif etdiyi gündəlik get-gedə daha yüksək səviyyədə qəbul ediləcək".