“Ermənistan son zamanlar təxribatlarına davam etməkdədir. Ötən həftə də bu baxımdan xarakterik oldu, əvvəlcə itkin düşmüş Azərbaycan hərbçisinə işgəncələr verdilər. Ermənistan mediasında bunun görüntülərini yaydılar. Bu vəhşilik törədildikdən bir gün sonra ermənilər daha bir vandallığa imza atdılar. İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağı yandırıldı”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasından danışarkən deyib. O bildirib ki, bu barbarlığı törədən şəxs əvvəlcə saxlanıldı, daha sonra alqış sədaları altında azadlığa buraxıldı. Bütün bunlar isə açılış mərasimini izləyən Ermənistan Baş naziri Nikol Paşinyanın gözü qabağında baş verdi:
"Ermənistan növbəti dəfə üzərinə götürdüyü öhdəliyə əməl etmədi və beynəlxalq yarışın təşkilatçılığında biabırçılıqla yadda qaldı. Onlar idman yarışını siyasi alətə çevirərək, özlərinin əsl mahiyyətini ortaya qoydular. Digər tərəfdən bayrağımızın yandırılması faktı Paşinyanın ölkəyə tam nəzarət edə bilməməsini bir daha təsdiqləyir. Nikol Paşinyan hər çıxışında Azərbaycanla Ermənistan arasında sülhdən, düşmənçiliyə son qoyulmasından danışır. Amma rəsmi İrəvan təxribatların qarşısını almaq üçün heçnə etmir. Hətta birbaşa təşkilatçı rolunda çıxış edir".
Xanım parlamentari vurğulayıb ki Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir:
"Yarışda baş verən pozuntular, Azərbaycan bayrağının yandırılması, sonrakı gün isə Azərbaycan və Türkiyə bayraqlarının yararsız formada arenadan asılması erməni təxribatının bir hissəsidir. Ermənistan bütün dünyaya göstərdi ki, o heç bir yarışı təşkil etmək iqtidarında deyil. Onlar bütün vasitələrdən öz təxribatçı əməlləri üçün istifadə edir. Beynəlxalq qurumlar bu rüsvayçılığa görə, Ermənistana sanksiyalar tətbiq etməlidirlər. Azərbaycan idmançıları bayrağımızın təhqir olunmasına biganə qala bilməzdilər və yerində addım ataraq yarışı tərk ediblər".
Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.
Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı qurumun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.
Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.