Zahid Oruc:“Türkiyədə Ulu Öndərin adının əbədiləşdirilməsi yerinə düşər”

Azərbaycanlı jurnalist,hazırda Türkiyənin Bursa şəhərində yaşayan Günay Arda həmin şəhərdə yerləşən prospektlərdən birinə  Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi təklifi ilə müraciət edib.
“Sherg.az” müraciəti təqdim edir:
Bursa şəhər bələdiyyə başqanı Alinur Aktaşa

Hörmətli Alinur Aktaş,  Mən, azərbaycanlı jurnalist Günay Arda Türkiyə Sənətçilər Birliyi Bursa təmsilçisiyəm. 2021 ci ilin sentyabr ayından Bursada yaşayıram.
Hörmətli başqanım,  2023 -cü il Azərbaycan prezidenti cənab İlham Əliyevin qərarı ilə Türk dünyasının önəmli lideri mərhum Heydər Əliyevin dünyaya göz açmasının 100 - cü ilidir. Bu səbəblə bütün Türk respublikalarında Heydər Əliyev  günləri keçirilir.

Hörmətli başqanım,Fatihlər şəhəri Bursada yaşadığım üçün qürur duyduğumu söyləyir, Sizdən bir rica etmək istəyirəm. Heydər Əliyevin Türk dünyası üçün əhəmiyyətini və etdiyi fədakarlığı nəzərə alaraq ,Sizdən Bursada uyğun görülən prospektin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıması üçün qərar verməyinizi rica edirəm. 

Təklifə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin insan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Türkiyədə Ulu öndər Heydər Əliyevə hər zaman böyük ehtiram və hörmətlə yanaşılıb:

"Dövlət adamları, alimlər, ziyalılar və sadə xalqın nümayəndələri Heydər Əliyevin keçdiyi həyat yolunu,  Sovetlər birliyinin rəhbərliyində olduğu dövrü, həmçinin müstəqil Azərbaycanın quruculuğundakı xidmətlərini çox yaxşı bilirlər. Bundan 30 il öncəyə qayıtdığımızda görə bilərik ki, türk dünyası arasında yaxın münasibətləri və indiki dövrdə beynəlxalq təşkilat səviyyəsinə yüksəlmiş TDT-nin əsasını qoyanlardan biri də Heydər Əliyev olub. Bu mənada Bursada, Osmanlı dövrünün mirasını özündə daşıyan bir şəhərdə Heydər Əliyevin adı ilə bağlı parkların, meydanların və qalıcı olan abidələrin açılışı Ulu öndərin 100 illiyi münasibətilə mühüm bir addım olardı".

Parlamentari əlavə edib ki, biz Türkiyədə və türk dünyasında Heydər Əliyevin adı ilə bağlı müxtəlif məktəblər, meydanlar, muzeylər təhsil ocaqlarının mövcud olduğunu bilirik:

"Biz Heydər Əliyevin 100 illik keçmişinə baxdıqda, onun həqiqətən də regionun, türk dünyasının və bütöv dünyanın həyatında baş verən dəyişikliklər fonunda böyük miqyasda şəxsiyyət olduğunu görə bilirik. Bu mənada Bursa və Türkiyənin digər şəhərlərində Ulu öndərin adının və böyük xidmətlərinin müxtəlif simvollarla əbədiləşdirilməsi çox yerinə düşər. Ümidvarıq ki, Türkiyə dövlətinin rəhbərliyi və sadə xalqı bu istiqamətdə müxtəlif planlara, təkliflərə, təşəbbüslərə  malikdir".