Zakir Həsənovu Qazaxıstana aparan mühüm detal:“...Arsenalımızda olan texnikalar...”  

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Səfəri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev söyləyib ki, müdafiə nazirinin Qazaxıstan səfəri Prezident İlham Əliyevin yaxınlardakı səfəri çərçivəsində əməkdaşlığın artırılması üçün məsləhətləşmələrin nəticəsidir:

"44 günlük savaşdan sonra silahlı qüvvələrimizin döyüş təcrübəsi, arsenalımızda olan texnikalar və pilotsuz uçuş aparatları (PUA) bir çox ölkənin diqqətini cəlb edir. Bu silahlar və PUA-lar gələcəkdə Qazaxıstanın da arsenalına daxil ola bilər. Bu səbəblə də hərbi təhsil, türk modelinə keçid, Qazaxıstan və Azərbaycan silahlı qüvvələrinin arasında baş tutacaq təlimlər fonunda məsləhətləşmələr aparılır. Qazaxıstanın KTMT-yə üzv olması isə hərbi əməkdaşlığımızı məhdudlaşdırmır. Adətən, dövlətlər ikili müttəfiqlik sazişləri üzərinə, hərbi təlimlər həyata keçirə bilər".

Ekspert qeyd edib ki, gələcəkdə TDT-yə üzv olan ölkələrin silahlı qüvvələrinin koordinasıyası üçün qarşılıqlı hərbi əməkdaşlıqlar və təlimlər vacibdir:

"Qazaxıstan da bu yeni mərhələyə keçid etməyə maraqlı olan ölkələr arasındadır. Ona görə də silahlı qüvvələrimiz arasındakı təcrübələr bölüşülür. Zakir Həsənovun səfərindən sonra Müdafiə Nazirliyinin fərqli qoşun növlərinin komandanlarının və ya heyətlərinin də qarşılıqlı təmaslarının olacağını düşünürəm. Həmçinin Qazaxıstan zabitləri də bizim xidmət keçən bəzi komandanlar kimi Türkiyə hərbi akademiyalarından məzun olub. Ona görə də həm müdafiə sənayesi, həm də təhlükəsizlik konsepsiyaları cəhətdən Qazaxıstanın Azərbaycanla məsləhətləşmələr aparmağa maraqlı olacağını düşünürəm. Ümumiyyətlə, bu səfər Azərbaycan-Qazaxıstan arasındakı münasibətləri bir addım da önə daşıyacaq".