İsrail XİN başçısının qovluğundakı məxfilik qrifi açılır:“Strateji maya təzələnir” - AKTUAL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.
Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb. Dövlətimizin başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. O bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirib.
Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib. Kohen bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını söyləyib və İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını deyib. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.
Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunub. Nazir ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.
Eli Kohenin səfərini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov qeyd edib ki, Azərbaycanla İsrail arasındakı münasibətlərin strateji əsasları yenilənir:
“İsrail Azərbaycanla bağlı siyasətini “Ərəb açılımı” kontekstində diqqətdə saxlayır. Bakı isə Təl-Əvivlə əlaqələrdə həm ikitərəfli, həm də Böyük Britaniya-İsrail xəttindəki maraqları önə çıxarır. Təkcə bu deyil, Azərbaycan-Türkiyə-İsrail üçbucağı da var. Lakin, bu bilinəndir. Bununla yanaşı, Azərbayan-İsrail-ABŞ üçtərəfli gizli əlaqələrinin olduğunu da görə bilərik. Strateji mayanın təzələnməsi ilə pərdəarxasındakı rollar yenilənir və mən konseptual olaraq səhnənin görünməyən tərəfindəki məqamları belə qiymətləndirirəm. Məncə, ortada çox incə bir nüans var. Həmçinin İsrailin ərəb dünyası ilə əlaqələrində yeni səhifələr vərəqlənməsi fonunda İranın Azərbaycan əleyhinə hədə tonu diqqət çəkir. Çünki İsrailin “ərəb açılımında” Azərbaycanın da rolu mövcuddur. Ona görə ki, Bakı İslam coğrafiyasında fərqli bir ənənəyə və sabitliyə malik olan adadır".
 
Analitikin sözlərinə görə, İranın paralel olaraq ərəb dünyasına açılması İsrailə strateji cavabdır və Azərbaycan Tehran üçün bu məsələdə əngəldir:

“Çünki Azərbaycan Qarabağda Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra ideoloji iplərini Yaxın Şərq regionunda da göstərir. Yəni İranın ideoloji əsaslarını tərpədir və bu işdə ona əsas dəstək İsrail, Böyük Britaniya və Türkiyədən gəlir. Əli Kohenin qovluğundakı məxfilik qrifi daşıyan sənədlərdə bu məsələlərin öz yer aldığını düşünürəm. İkinci bir yandan, İsrailin Cənubi Qafqazdakı siyasi profili yüksəyə qalxır və bu cənub qonşumuzu narahat edir. 

Çünki İsrail regional təhlükəsizlik perspektivində Tehranın payını alaraq öz aktivinə yazdıra bilər. Ona görə də Azərbaycan-İsrail əlaqələrinin sxemini Yaxın Şərq və Cənubi Qafqaz marşrutundakı əlaqələndirmələrlə izah etməkdə fayda var. 

Bu mənada Yaxın Şərqdə, xüsusilə Suriya cəbhəsində baş verən hadisələri diqqətlə izləməliyik, çünki bəzi qərarlar oradakı nəticələrə görə verilir”.