İsrail-Azərbaycan ƏMƏKDAŞLIĞI:“Hərbi-texniki və kibertəhlükəsizlik...” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib. Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib. 

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb. Dövlətimizin başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. O bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirib.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib. Kohen bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını söyləyib və İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını deyib. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.


Görüşdə Azərbaycan və İsraili əhatə edən məsələlərin müzakirə edildiyini deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, tərəflərin bütün istiqamətlərdə ortaq məxrəcə gəldiyini düşünür:

"Azərbaycan və İsrail arasında elə bir situasiya yoxdur ki, həll edilməsin. Ona görə də görüşün çox məhsuldar keçdiyini düşünürəm. Təhlükəsizlik məsələsinə gəlincə, hər iki ölkə eyni təhdidlərlə qarşılaşır. Bu səbəblə də görüşdə təhlükəsizlik məsələsinin də vacib müzakirə mövzularından biri olduğunu düşünürəm. 

Ümumiyyətlə, bu təhdidlərə qarşı birgə addımların atılması vacibdir. Digər tərəfdən İsrailin təcrübəsi, xüsusən kibertəhlükəsizliklə bağlı olan hissəsi bizim üçün maraqlıdır. Həmçinin təhlükəsizlikdən söhbət gedirsə, hərbi-texniki əməkdaşlıqdan da danışmaq lazımdır. 

Çünki bu sahə də prioritet sahələrdəndir və tərəflər illərdir, münasibət saxlayır. Həmçinin Azərbaycanda real hərbi şəraitdə sınaqdan keçmiş İsrail hərbi texnikaları, dünyada böyük rəğbətlə qarşılanır".

Analitik əlavə edib ki, tərəflər informasiya texnologiyaları, kənd təsərrüfatı, aqrar sənaye və.s sahələrdə də qarşılıqlı əməkdaşlıq edir:

"Doğrudan da real olaraq bütün sahələrdə İsraillə əməkdaşlıq bizim üçün prioritetdir. Xüsusən də kənd təsərrüfatı texnologiyaları və quraqlıqda məhsulların yetişdirilməsi metodları önəm kəsb edir. 

Bu metodların və texnologiyaların mənimsənilməsi nöqteyi nəzərindən, Azərbaycan-İsrail münasibətlərinin inkişafı cəmiyyətimiz üçün çox böyük rola malikdir".