"Hər kəs istiqamətin hardan gəldiyini bilir. İttiham olunan tərəf heç üzrxahlıq da etməyib".
"Sherg.az" xəbər verir ki, bunu bir müddət öncə sui-qəsdə məruz qalan deputat Fazil Mustafa, "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu ilə görüşündə deyib.
O, İranın rəsmi nümayəndələrinin hadisəyə reaksiya vermədiklərini vurğulayıb:
"Rəsmi səviyyədə "keçmiş olsun" mesajı da ötürülməyib. Bir ölkədə terror baş verirsə, biz "keçmiş olsun" diləklərimizi çatdırırıq. Amerika, Böyük Britaniya, Türkiyə səfirləri münasibət bildirdi. Amma İrandan reaksiya gəlmədi".
Qeyd edək ki, martın 28-də Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahdan atəş açılaraq silahlı hücum olub. Fazil Mustafanın bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdı. Hazırda vəziyyəti yaxşıdır.
Son zamanlar İran İslam Respublikasının müxtəlif dairələrindən Azərbaycana qarşı təhdidlər səslənməkdədir. Parlamentarinin çıxışları da İranı və iranpərəstləri əndişəyə salmaqdadır. Deputat qarşı sui-qəsd xəbərinə Rusiya, Türkiyə, İsrail, Ermənistan, ərəb mətbuatında geniş yer verilib.