"Heydər Əliyevə nahaqdan Ulu Öndər etiketi verilməyib. Bu Azərbaycan xalqının özünü girdabdan qurtarmış bir liderə verdiyi addır".
Bunu "Sherg.az"a açıqlamasında BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli Heydər Əliyevin şanlı yolundan danışarkən deyib.
O qeyd edib ki, Ümumilli lider adı dünyanın heç bir yerində yoxdur:
"Mən Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərin şahidiyəm. Həmin illərdə təzəcə tələbəlikdən müəllimliyə gəlirdim. O dövrdə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi Ulu öndərin təşəbbüsü ilə baş tutub. Bu Azərbaycan milli-mənəvi dəyərlərinin ortaya qoyulmasıdır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gördüyü böyük işlərdən biri də ölkədə baş alıb gedən rüşvətxorluğu yığışdırmaq oldu. O ali məktəblərə tələbələrin tapşırıq və pulla qəbul edilməsinin qarşısını aldı. Hətta bununla bağlı Heydər Əliyev SSRİ-nin böyük trasmilli qəzetlərindən birində müsahibə verərək bildirmişdi ki, "Hər şey biliyə və bacarığa görə olmalıdır". Həmçinin Ümumilli lider ölkədə kənd təsərrüfatının inkişafına böyük təkan verdi. Azərbaycan kənd təsərrüfatı o qədər inkişaf etdi ki, bununla bağlı dünyada önəmli yerdə olan ölkələrdən birinə çevrildik. Bununla kifayətlənməyən Heydər Əliyev Azərbaycanı həm də sənaye ölkəsinə çevirmək arzusunu yerinə yetirdi. Onun dönəmində respublikamızda sənaye məhsulları istehsal edən bir çox zavodlar yaradıldı. 1982-ci ildə Moskvaya yollanan Heydər Əliyev SSRİ nazirlər sovetinin müavini vəzifəsini icra etməyə başladı. Bu da ona olan rəğbətin bir nümunəsidir. Lakin hakimiyyətə minbir fırıldaqla Qarbaçov adlı bir bədheybət gəldi və yenidənqurma adı ilə Heydər Əliyevə mane oldu. Çünki Heydər Əliyevin adı SSRİ hakimiyyətinə gələbiləcək adamlar arasında ilk sırada yer alırdı".
Professorun sözlərinə görə, Ulu öndər 20 Yanvar hadisəsi zamanı da böyük cəsarət göstərərək azərbaycanlılarla görüşdü:
"Qarbaçov onu bu addıma görə öldürtdürə də bilərdi. Lakin Heydər Əliyev heç nədən qorxmayaraq 20 Yanvar günü Qarbaçovun əmri ilə olan qətliamı bütün dünyaya duyurdu. Bundan sonra isə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycana gəldi. Əgər o zamanında gəlməsəydi, Azərbaycan Ermənistanın təcavüzündən qurtula bilməzdi. Çünki ölkədəki hakimiyyət xaosda idi və ermənilər bundan istifadə edərək torpaqlarımızı işğal edirdi. Bax bu dövrdə Heydər Əliyevin Naxçıvana, oradan da xalqın tələbi ilə Bakıya gələrək Azərbaycana rəhbərlik etməsi bizi xilas etdi".
C.Məmmədli əlavə edib ki, bu günkü Azərbaycanın xilaskarı və dövlətçiliyimizin qurucusu Heydər Əliyevdir:
"Ulu öndərin bizə verdiyi ən böyük töhfələrdən biri də İlham Əliyev kimi lider böyütməsidir. Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirir. O yürütdüyü siyasət ilə müasir dünyanın liderləri arasında ulduz kimi parlayır. Mən ali baş komandan və prezident İlham Əliyevə ermənilərdən bizim intiqamımızı aldığı və torpaqlarımızı xilas etdiyi üçün təşəkkür edirəm".