“Peskov açıqlaması ilə Qərbə açıq şəkildə Brüssel və Vaşinqton formatının Rusiyanın vasitəçiliyini əvəz edə bilməyəcəyini çatdırır”
“Həmçinin bu Ermənistan hakimiyyətinə də bir mesajdır”
“Hazırda Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Qarabağla bağlı üçtərəfli razılaşmaları məsələnin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsinə ehtiyac var”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz bütün müddəaların icrası istiqamətində irəliləyişi alternativsiz hesab edir və hamı üçün zəruri olduğunu düşünürük”, - deyə Kremlin nümayəndəsi qeyd edib.
Peskov vurğulayıb ki, Rusiya tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırdır.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, Rusiya açıq şəkildə bu münaqişənim həllində yeganə həlledici qüvvə olduğunu vurğulayır:
"Düşünürəm ki, bu açıqlamalar Qərbə mesajdır. Kreml Qərbə açıq şəkildə nə Brüssel, nə də Vaşinqton formatının Rusiyanın vasitəçiliyini əvəz edə bilməyəcəyini çatdırır. Həmçinin bu Ermənistan hakimiyyətinə də bir mesajdır. Çünki Paşinyan son açıqlamaları ilə Azərbaycan ərazisinə hücumlarla bağlı əmrin onun tərəfindən verilmədiyini bildirir. Yəni ordu daxilində təxribatı törədən xaricə bağlı qüvvələr var. Əslində dolayı yolla rəsmi Moskvanı təxribatda ittiham edir. Paşinyan "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. “Madrid prinsipləri əsasında Azərbaycanla sülh müqaviləsi imzalana bilər" iddialarını irəli sürür".
Analitik qeyd edib ki, Rusiyanın bu açıqlamaları ziddiyyətlidir:
"Kreml Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına və sülhə doğru müsbət addımlar atmağına qarşı olmadığını bildirir. Digər tərəfdən isə açıqlama verir ki, bu prosesdə Vaşinqton və ya Brüssel rol oynaya bilməz, əsas həlledici mövqeyi biz tuturuq. Eyni zamanda Rusiyaya bağlı olan Qarabağdakı separatçı klanın rəhbərliyi Paşinyanı xəyanətdə ittiham edir. Onlar açıq şəkildə bildirirlər ki, Qarabağ heç zaman Azərbaycanın tərkibində ola bilməz və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bununla əslində Rusiya Paşinyanın cavabını Qarabağ ermənilərinin dili ilə vermiş olur".