Aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Qeyd edək ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə atılıb.
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az"a bildirib ki, nəzarət buraxılış məntəqəsinin qurulması çox böyük nailiyyətdir:
"Çünki Laçın dəhlizi nəzarətsiz bir ərazi idi. Bu dəhlizə müvəqqəti nəzarət edən rus sülhməramlı kontingenti isə öz öhdəliklərini yerinə yetirməyərək, oradan yüklərin daşınmasına, insanların keçməsinə şərait yaradıb. Yəni Azərbaycan respublikasının qanunvericiliyinə və maraqlarına zidd mövqe tutublar. Nəticədə də Azərbaycan ərazisinə revanşist hərakatın rəhbərliyi, döyüş sursatları, Ermənistan tərəfinin hərbi qulluqçuları gətirilib. Bu da torpaqlarımızda revanşist qüvvələrin sayının 10 minə yaxınlaşmasına səbəb olub. Həmçinin 2021-ci il istehsalı olan minaların Azərbaycan ərazisində yerləşdirilməsi də Laçın dəhlizinin nəzarətsiz olmasından qaynaqlanırdı.
Ekspert qeyd edib ki, postun qurulması ilə Azərbaycan Qarabağa yük və şəxslərin gəlişini nəzarət altında saxlayacaq:
"Bütün proseslərin Rusiya sülhməramlı qüvvələri ilə razılaşdırılmış şəkildə aparılacağını düşünürəm. Əsas odur ki, biz artıq alternativ yollardan qaçaqmalçılıq vasitəsilə hərbi təyinatlı yüklərin keçməsinin qarşısını alacağıq. Ümumiyyətlə məzarət buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren haqqıdır. Yəni burada heç bir beynəlxalq qanunlara zidd addımlar atılmayıb. Hətta ölkə başçısı da həmin ərazidə postun qurulacağını söyləyib. Bu gün Ermənistan tərəfdən üçtərəfli bəyannaməyə zidd olaraq öz ərazilərində sərhəd buraxılış məntəqəsi yaratması Azərbaycanın öz nəzarət buraxılış məntəqəsini yaratması üçün zərurət yaradıb. Digər tərəfdən nəzarət buraxılış məntəqəsinin qurulmasının ardından ekofəalların aksiya keçirməsinə də ehtiyac qalmayacaq.
Ş.Ramaldanov əlavə edib ki, məntəqənin qurulması Azərbaycan əhalisinin Laçın rayonuna qayıtmasının təhlükəsizliyini təmin edəcək:
"Bunu gələcəkdə qanunsuz silahlı dəstələrin həmin ərazidən çıxarılmasının başlanğıcı kimi də qəbul edə bilərik. Yəni separatçıların ərazidən çıxarılması və reintqerasiya məsələlərinin daha da sürətli inkişafı üçün yeni yaradılmış nəzarət buraxılış məntəqəsinin böyük rolu olacaq. Həmçinin bunu Qarabağ iqtisadi rayonunun Azərbaycanın müvafiq qurumlarının nəzarətinə keçməsinin başlanğıcı kimi də qəbul edə bilərik. Dövlət Sərhəd Xidməti nəzarət mexanizminin yaradılmasını tarixi və strateji qərardır. Bu ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının növbəti nümunəsidir. Bu addımlardan sonra sülh müqaviləsi və üçtərəfli bəyanatın bütün müddəalarının təmin olunacağı ehtimalı daha da artır”.