"Onlar bilir ki, ermənilərin yüklərini sərhəddən keçirnəklə yaxşı pul qazana bilərlər. Yeni general bu məqsədlə gətirilib”
Dünən sülhməramlı kontingentin komandanı Andrey Volkovun işdən çıxarılması barədə məlumat yayılıb. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.
Bildirilib ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib.
Qeyd edək ki, 67 yaşlı general 22 yanvar 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a söyləyib ki, general-polkovnik Letsovun təyinatı heç nəyi dəyişməyəcək:
"Onlar Moskvadan aldığı təlimatlar əsasında fəaliyyət göstərirlər. İlk dəfədir, general-polkovnik rütbəsində olan şəxs sülhməramlılara komandan təyin edilib. O, prinsip etibarilə Kremldən gələn göstərişləri yerinə yetirəcək. Yəni nəlum təyinatdan böyük dəyişikliklər gözləmək lazım deyil.
Bu prosesin Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin qurulması ilə heç bir əlaqəsi yoxdur. Sadəcə hadisələr üst-üstə düşür. Volkovun getmək vaxtı idi və dəyişdilər".
Ekspertin sözlərinə görə, Letsovun təyinatı biznes maraqlarına əsaslanır:
"Onlar bilir ki, ermənilərin yüklərini sərhəddən keçirnəklə yaxşı pul qazana bilərlər. Yeni general bu məqsədlə gətirilib. Volkov indiki vaxta qədər kifayət qədər vəsait toplamışdı. İndi də baxaq görək yeni general-polkovnik hansı qiymətə ermənilər üçün yük daşıyacaq.
Düzdür yoxlama aparılır və hərbi yüklərin olması mümkün deyil. Lakin yəqin ki, mülki yüklərin aparılıb-gətirilməsi üçün ruslar pul alacaq".