Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasovla son siyasi proseslər ətrafında müzakirə apardıq.
“Sherg.az” müsahibəni təqdim edir.
- Aprelin 23 də Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin yaradılması hansı perspektiv və dividentlər vəd edir?
- Bu, çox gecikmiş bir addımdır. Məlum nəzarət məntəqəsi 2020-ci ildə döyüş başa çatdıqdan sonra qələbə qazanmış ordumuz tərəfindən yaradılmalı idi. Əgər belə olsa idi, torpaqlarımızda 2021-2022-ci il istehsalı olan minalar yerləşdirilməz və vətandaşlarımız, hərbçilərimiz qurban olmazdı. Lakin belə bir deyim var "Gec olsun, güc olsun". Gec də olsa yaxşı ki, açıldı. Ümid edirəm ki, post bundan sonra Azərbaycandan başqa heç kəsin nəzarətinə keçməz. Çünki məntəqənin açılmasına bir çox dövlətlər qarşıdır. Ermənistanın tərəfinin ən böyük arzusu ora başqa qüvvələrin nəzarət etməsidir. Bu isə bizim üçün əlverişli deyil. Yəni əsas məsələ məntəqəni əldə saxlamaqdır.
- 2020-ci il 10 Noyabr üçtərəfli bəyanatının imzalanması ərəfəsində Ermənistan dəhlizin 20 km enində və öz nəzarətində olmasını təkid etməklə nəyə çalışırdı?
- Ermənistanın bütün təkid və istəkləri Qarabağda “status-kvo”nun saxlanması idi. Onlar Qarabağın ətraf rayonlarının əldən çıxdığını, İran-Azərbaycan sərhədinin nəzarət altına keçdiyini və dövlətlərin Ermənistana təsir mexanizminin sıfıra edirilməsini gördükdən sonra, Qarabağ və Ermənistan arasındakı əlaqənin saxlanılması üçün 20 km yolu nəzarətə alıblar. Burada əsas məqsəd yol vasitəsilə separatçılara silah-sursat daşımaq və mövcud atəş nöqtələrindən istifadə edərək, Azərbaycan əsgərinə qarşı savaş aparmaqdır. Amma yaxşı ki, o vaxt alınan qərarlarla dəhlizin mümkün olduğu qədər dar olmasına və nəticə etibarilə bir yola qədər azaldılmasına nail olduq.
- Ermənistanın 7 km yolun istifadəyə verilməsini süni şəkildə ləngidir. Bununla vaxt udmağamı çalışır?
- Onlar vaxt udmağa çalışsalar da, bütün proseslər və zaman Eemınistanın əleyhinə işləyir. Rəsmi İrəvan bu zaman kəsiyində İran, ABŞ və Fransadan dəstək almağa çalışır. Bu dəstəyin istədiyi qədər olmadığının fərqinə vardıqdan sonra isə üzünü Hindistana tutur. Digər tərəfdən cənub qonşumuzu üzərimizə yönləndərək, bizə qarşı çıxardır. Bütün bunlar üçün isə zaman lazımdır. Onlar da vaxt qazanmaq üçün yolun inşasını ləngidirlər. Mənə elə gəlir ki, yol Azərbaycan tərəfindən inşa edilsə idi, bəlkə də 7 həftəyə bitərdi.
-Ekofəalların aksiyasının məntəqənin qurulmasında və ermənilərin qarşısına sədd çəkilməsində rolu olubmu?
- Ekofəalların Qarabağın ermənilər yaşayan ərazisinə nəzarət edilməsində çox böyük rolu var. Bundan sonra da bu etirazın davam etdirilməsi lazımdır. Çünki Qarabağın təbii sərvətlərinin talan edilməsi və eyni zamanda bölgəyə minalar, sursat və erməni hərbçilərinin gətirilməsinin qarşısını alan ekofəallar oldu. Digər tərəfdən nəzarət buraxılış məntəqəsinin açılması da ekofəalların başlatmış olduğu fəaliyyətin nəticəsidir və bundan sonrakı proseslərdə də onların dirənişi köməyə çatacaq
- Azərbaycana qarşı dünyada kampaniya təşkil edilməsində və xarici mediada ölkəmizə qarşı “qara-piar” aparılmasının səbəbi nədir? Burada erməni lobbisinin izləri görünürmü?
- Erməni lobbisi hər zaman Azərbaycanın maraqlarına zidd fəaliyyət aparır. Həmçinin onlar Ermənistana dəstək vermək üçün yüz ildir, bu fəaliyyətləri yürüdürlər. Nəticə etibarilə Azərbaycanın bu diaspora qalib gələcək ölkə daxilində potensialı yoxdur. Bunu ancaq xaricdəki diasporlarımız qrup fəaliyyəti apararaq həyata keçirə bilər. Çox təəssüf bizim lobbi fəaliyyətlərimiz ermənilərin apardığı işlərdən geridə qalır və demək olar ki, rəsmi Bakının razılığı olmadan heç bir fəaliyyət aparılmır. Qarabağda uduzmuş erməni hakimiyyətinə lobbi tərəfindən dəstək kampaniyası başladılaraq, məğlubiyyəti minimuma endirməyə çalışırlar. Bunun üçün də Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Lakin bunun heç bir mənası olmayacaq. Ancaq bu o demək deyil ki, biz qarşı addımlar atmayacağıq. Ermənilərin çox yaşadığı yerlərdə olan xarici diasporlarımız, lobbi fəaliyyətinə qarşı çıxmalıdırlar. Yəni Bakıdan idarə edilməklə hansısa müvəffəqiyyətə çatılacağına inanmıram.
- Ermənilər tərəfindən alternativ yollarla silah daşınmasının və təxribatlarının qarşısını almaq fonunda yeni yaradılan məntəqənin effekti varmı?
- Alternativ yollardan silah daşınmasının və təxribatların qarşısının alınmasına bu postun birbaşa təsiri var. Çünki məntəqənin yaradılmasındakı birinci məqsəd, Azərbaycana qarşı olan təxribatların qarşısını almaqdır. Bu təxribatlar Ermənistan sərhəddindən ölkəmizə gətirilən mina, silah-sursat və canlı qüvvənin vasitəsilə həyata keçirilirdi. İran vətəndaşlarının Qarabağa gətirilməsi də bu yoldan istifadə edilərək baş tutmuşdu. Biz nə qədər ekofəalları hərəkətə keçirsək və yolda aksiyalar etsək də, onlar alternativ yollarla öz əməllərinə davam edirdi. Ancaq sərhəddin tam çıxışında nəzarət məntəqəsi qurmaq, erməni təxribatlarının birbaşa yolunu kəsdi. İran-Azərbaycan sərhəddi tam nəzarətə keçdikdən sonra, ölkəmizə qarşı təxribatlar aparmaq üçün yol qalmayacaq. Amma bu o demək deyil ki, Ermənistanın Azərbaycana qarşı terror fəaliyyətləri olmayacaq. Biz bütün dünyada erməni terrorçuların ad çıxardığını yaxşı bilirik. Bunu üçün də onlardan hər zaman "sürprizlər" gözləməliyik.
Söhbətləşdi: Nihat Müzəffər