Fransız nazirin Bakı səfəri:"Normallaşma üçün Fransa prezidenti dəyişməlidir”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib.
Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfər etdiyini vurğulayaraq bu çərçivədə eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağına ümidvarlığını bildirib.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb. 

Prezident İlham Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib.

Katrin Kolonna isə bildirib ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub. Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu deyib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfəri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Abutalıb Səmədov söyləyib ki, Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin açılması beynəlxalq hüquqa və 10 noyabr bəyanatına tamamilə uyğundur:

"Prezidentin də qeyd etdiyi kimi bu addım Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təsdiq edilməsi istiqamətində atılıb. Eyni zamanda həm Praqa, həm də Soçidə Ermənistan, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiklərini imzaları ilə təsdiq ediblər. Həmçinin nəzərə alınmalıdır ki, Ermənistan 10 Noyabr bəyanatının müddəalarını pozaraq qanunsuz silahlı dəstələrini hələ də Azərbaycan torpaqlarından çıxarmayıb. Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir addım atmayıb. Digər bir mühüm məqam isə rus sülhməramlılarının Laçın dəhlizi boyunca yerləşməsidir. Yəni onların sərhəddə durmağa ixtiyarı yoxdur. Onlar yalnız 22 kilometrlik bir ərazidə öz postlarını qura bilər. Ona görə də nəzarət buraxılış məntəqəsinin qurulması düzgün və vaxtında atılmış addımdır".

A.Səmədov qeyd edib ki, fransalı nazirin səfəri ilə rəsmi Bakı və Paris arasındakı münasibətlərin ciddi dəyişəcəyini düşünmürəm:

"Normallaşma üçün Fransa prezidenti dəyişməlidir və dünya siyasətindən baş çıxardan bir lideri olmalıdır. Təəssüf ki, biz Makron haqqında bunları söyləyə bilmərik. Çünki O dünyanın gülüş hədəfinə çevrilib və heç kəs onu ciddi siyasətçi kimi qəbul etmir. Ona görə də bu səfər Azərbaycan və Fransa arasındakı münasibətlərdə ciddi dəyişikliklər yarada bilməz. Ancaq ermənilərə müəyyən reallıqları anlamağa kömək edər. Çünki onlar Fransaya çox arxalanırlar. Bəlkə fransalı nazirin bu səfərinin heç nəyi dəyişdirmədiyini görəndə onlar Azərbaycana heç kəsin təzyiq göstərə bilməyəcəyini dərk edələr. Ölkəmizin Qarabağ üzərində suverenliyinin təmin edilməsi məqsədilə növbəti addımlar yenə atılacaq. 

Qarabağda yaşayan ermənilər bizim vətəndaşlığımızı nə qədər tez qəbul etsələr, bu onların xeyrinə olacaq. Ona görə ki, rəhbərlikdən fərqli olaraq torpaqlarımızda olan ermənilərin Qarabağdakı evlərindən başqa gedəcək yerləri yoxdur. 

Əgər onlar bizim vətəndaşlığımızı qəbul etməsələr, təbii ki, bizim ərazilərimizi tərk edərək yeni yaşayış məntəqələri axtarmalıdırlar. Bu da onlar üçün çox böyük fəlakət deməkdir".