Mesaj: “Azərbaycanla strateji müttəfiqik, ağlınızı başınıza yığın"

“Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz”.
 Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə şagirdlərlə görüşündə deyib.
O bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: “Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.

Nazir son dövrdə görülən işlərdən də danışıb: “Bəziləri “TCG Anadolu” desant gəmisini, “Togg” milli avtomobilimizi tənqid edir. Bu, səhv yanaşmadır. Əlbəttə, işlərimiz davam edəcək. “ATAK-1” helikopterini istehsal etmişdik. İndi “ATAK-3” ə keçmişik. Hər versiya əvvəlkindən daha təkmildir. Biz öz istehsalımız olan silahlara, texnologiyaya sahib çıxmalıyıq”.

Hulusi Akarın açıqlamasını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov bildirib ki, istər, Akar, istər Ərdoğan, istərsə də Çavuşoğlu, açıqlamalarında Cənubi Qafqaz və Azərbaycandakı vəziyyəti xatırlatmaqla digər regional oyunçulara mesaj verirlər:

“Ümumiyyətlə ikinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallığın müəllifləri isə Bakı və Ankaradır. Əgər vətən müharibəsində Türkiyənin Azərbaycana diplomatik və hərbi dəstəyi olmasa idi, bəlkə də vəziyyət başqa ssenari xətti üzrə inkişaf edərdi və ya savaş daha uzun çəkərdi. Bu mənada artıq rəsmi Ankara proseslərin birbaşa iştirakçısıdır".

Analitik əlavə edib ki, regionda suları bulandırmaq istəyən qüvvələr də az deyil:

"Rusiya, Fransa, İran, hətta ABŞ bu qüvvələr arasındadır. Düzdür, Türkiyə Rusiya ilə münasibətlərin pozulmasını istəmir. Həmçinin ABŞ-la da NATO daxilində müttəfiqdir. Lakin münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, Ankaranın müttəfiqləri və gücünü qəbul etməyənlər, regionda onun maraqlarını nəzərə almalıdırlar. Türkiyənin maraqları isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasından yanadır. Yəni Ankaranın rəyi nəzərə alınmadan regionda heç bir proses ola bilməz. Hulusi Akarın da çatdırmaq istədiyi budur. Onun açıqlamaları həm də, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq istəyən ölkələr cavabdır ki, "biz Azərbaycanla strateji müttəfiqik, ağlınızı başınıza yığın".