Azərbaycan tamaşaçısının ən məşhur sözü “biz Azərbaycan televiziyasına son 2-3 ildi baxmırıq” cümləsidir. Kimi dindirirsən, bunu deyir. Səbəbini soruşanda isə hamı səviyyə, efir mədəniyyəti, keyfiyyət və s. tələb edir.Bu gün Milli Məclisin iclası keçirilib. Deputat Ceyhun Məmmədov media siyasətinə, bir sıra televiziyaların fəaliyyətinə yenidən baxılmasını təklif edib.Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, araşdırmalara görə, yerli televiziya kanallarına baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb. Deputatın sözlərinə görə, artıq 10 illərdir davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların televiziya kanallarının əsas simasına çevrildiyi görünür.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə bu gün televiziya kanallarının cəmiyyəti pozan verilişlər yayımladığını vurğulayıb.
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli parlamentdə televiziya kanallarının tənqid olunmasına münasibət bildirib. Q.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan televiziyaları daim tənqid hədəfindədir:
"Verilişlər, onların mövzusu, davranışlar, aparıcı yanaşmaları və televiziyaların ümumi səviyyəsi ilə bağlı narazılıqlar həmişə olub. Televiziylar pandemiya dövründə müəyyən bir həddə nöqsanları aradan qaldırmağa çalışırdılar. Amma son 1-2 ildə geriyə qayıdış müşahidə olunur. Geri dönüşün mahiyyətində isə ümumi proqram siyasətində şou verilişlərinin xüsusi çəkisinin artması, evlilik proqramlarının ortaya çıxması dayanır. Əvvəlki bayağı verilişlərin dövriyyəsi bir az da çoxalıb. Televiziyanın səviyyəsi xeyli aşağı düşüb. STM-nin araşdırması, bu qurumun rəhbəri millət vəkili Zahid Orucun haqlı izahatı önəmli mətləblərdən xəbər verir".
Telejurnalist vəziyyətdən çıxış yollarını göstərib:
"Televiziyalarda istər format, istər mövzu, istərsə də kadr seçimi ilə bağlı bəlli standartları gözləməyə çalışmalıyıq. Rejissor işi ciddi şəkildə yaxşılaşdırılmalıdır. Prodüsserlər mövzu və aparıcı seçimində diqqətli olmalıdırlar. Cəmiyyəti maraqlandıran mövzulara yer verilməlidir.
Televiziyalarda plüralizm artmalıdır. Hamının bir fikir ətrafında gəzişməsi tamaşaçı üçün maraq doğurmur. Sosial şəbəkədə qaldırılan problemləri TV-lər daha ağıllı, peşəkar formada ekrana gətirməlidir. Millətin, xalqın ciddi problemləri mövcuddur. Təhsil, səhiyyə, milli dəyərlərlə bağlı danışmaq, gündəmdə saxlamaq gərəklidir. Yeni nəslin maraqları çox ciddi mövzulara toxunmağı tələb edir. Bunlardan boyun qaçırmaq, yalnız şou proqramları üzərindən siyasət yürütmək yanlışdır.
Milli Məclisin əvvəlki müzakirələrində, tənqidlər dalğasından sonra televiziyalar sanki dayandılar. Proqram siyasətlərinə yenidən baxdılar. Tamaşaçıların narazılığı da qismən azaldı.
İndi də tənqidlərin elmi səviyyədə səsləndirilir, nöqsanların sistemli nümayiş etdirilir. Artıq problemləri gizlətmək mümkün deyil. TV-lərdə ciddi dönüş olmalıdır".