Şair Vəli Xramçaylı ötən günlərdə "Sherg.az"a müsahibə verib.
O müsahibədə xalq yazıçısı İsmayıl Şıxlının AYB sədrliyindən istefası ilə bağlı mübhəm iddilar səsləndirib:
"Anarla Əkrəm illərlə dost oldular. Ad almaq üçün İsmayıl Şıxlının üstünə hücuma keçdilər. Əkrəm onu etiraf edir. Mən onun şahidiyəm. İsmayıl Şıxlını bezdirdilər, o da şəxsiyyətinə hörmət edən adam idi. Dedi, alın, bu da sizin AYB. Biri o vaxt mənə replika atdı ki:- AYB -ni niyə buraxdınız? Cavabım belə oldu: - Biz kreslonu vermişik, ədəbiyyatı yox. Ədəbiyyatı yenə də biz yaradırıq. İndi Əkrəmlə Anarın bir-birinə qarşı yazdıqlarını oxuyanda “ət tökürəm”. Onlara deməyə söz tapmıram".
İddiaların həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ilə əlaqə saxladıq.
O bildirdi ki, 1987-ci ildə olan söhbətin açılmasında heç bir məna görmür:
"Vəli deyib, gərək o da cavablasın. Mən lazım bilsəydim, məsələ ilə bağlı özüm danışardım. Amma lazım bilmirəm. Vəli bu sözü deyib, inanıb-inanmamaq isə sizə qalıb".