“Ərdoğanla Kılıcdaroğlunun şansları bərabərdir”



Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib. İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb. Xatırladaq ki, Məhərrəm İncəyə aid olması iddia edilən qeyri-etik videolar, o cümlədən, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar yayılmışdı. Siyasətçi bütün bunların FETÖ tərəfindən provokasiya olduğunu bildirərək, dövləti bu məsələlər ilə bağlı lazımi araşdırmalar aparmağa çağırıb: "5 dəfə deputat olmuşam, prezidentliyə namizəd olmuşam, partiya qurmuşam, 40 ildən artıqdır ki, mübarizə aparıram. Səhvə səhv, doğruya doğru dedim. 40 ildə haqsızlıq etdiyim insanlar ola bilər. 

Amma son 45 gündə gördüklərimi 45 ildə görməmişəm. Hər gün böhtan atılır. Namizədliyimi geri götürürəm və bunu məmləkət üçün edirəm. Həm də ona görə edirəm ki, sabah heç bəhanə gətirməsin". Prezident Rəcəb Tayyib Ərdoğan da Məhərrəm İncənin namizədliyini geri götürməsinə münasibət bildirib. Ərdoğan Məhərrəm İncənin bu qərarından təəssüfləndiyini bildirib: “Niyə çəkildiyi anlamaq mümkün deyil. Düzü təəssüfləndim, kaş bu mübarizənin sonuna qədər belə davam edərdi. Nə baş verib, niyə namizədliyini geri götürüb, bilmirəm”. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, Məhərrəm İncənin namizədliyi əslində müxalifətin səslərinin bölünməsinə xidmət edirdi və bu baxımdan daha çox "Cümhur İttifaqı"nın xeyrinə işləyirdi. 

Analitikə görə, məhz bu səbəbdən siyasi şərhçilər İncənin namizədliyinin Ərdoğanın qalib gəlmə ehtimalını artıra biləcəyini vurğulayır: 

"Son sorğular göstərir ki, İncənin orta səs nisbəti 5 faiz civarındadır. Türkiyənin son iyirmi ildə iqtidarda olan altmış doqquz yaşlı lideri, AKP-nin qurucusu və rəhbəri Ərdoğanın əsas rəqibi bu ölkənin ən qocaman partiyasının (CHP) başçısı Kamal Kılıcdaroğludur. Bu iki rəqib siyasətçinin son rəy sorğularına görə, 14 mayda qələbə qazanmaq şansları, demək olar ki, bərabərdir. Hər kəs bunun fərqindədir ki, builki seçkilərdə məhz iki namizədin arasında birincilik uğrunda sərt və barışmaz rəqabət olacaq. Türkiyədə digər iki prezidentliyə namizədin Məhərrəm İncə və Sinan Oğanın şansları o qədər də yüksək sayılmırdı. İndi təbii ki, İncənin səsləri uğrunda mübarizə gedəcək. Amma İncənin elektoratının "Millət İttifaqı" tərəfindən götürüləcəyi şübhə doğurmur".