"Bu hadisə onların əxlaqından və dünya görüşündən xəbər verir"
"Bu günə qədər Azərbaycanda 40-a yaxın dövlət qurulub. Lakin adı Azərbaycan və paytaxtı Bakı olan ilk Respublika Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları tərəfindən yaradılıb".
Bunu Sherg.az-a açıqlamasında tarixçi alim Boran Əzizli 28 may Respublika gününün Azərbaycan tarixi üçün əhəmiyyətindən danışarkən deyib.
O bildirib ki, xalqımız tərəfindən bu günə qədər 40 dövlət yaradılsa da Azərbaycan Xalq Cümhuriyyəti onların arasında məxsusi yer tutub:
"AXC-nin ən əhəmiyyətli cəhəti və fərqi isə milli dövlət olmasıdır. Çünki Cümhuriyyətə qədər qurulan bütün dövlətlər ailə və sülalə dövləti olub. AXC-ni yaradan qurucu babalarımız isə müxtəlif yerlərdən və zümrələrdən olmalarına baxmayaraq, bir ideologiya ətrafında birləşərək demokratik dövlət inşa etməyə nail olublar. Həmçinin Şərqdə, tarixdə ilk dəfə dünyəvi və parlamentli respublikanın əsası da AXC ilə qoyulub. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları qurulan dövləti möhkəmləndirmək üçün nəinki özlərinin qazandıqlarını, hətta ata-babalarının mülklərini də dövlətin möhkəmlənməsinə sərf ediblər. Buna aid xeyli sayda misallar var. Onlardan biri isə Nəsib bəy Yusifbəyli baş nazir olarkən atasına məktub yazaraq ondan borc pul istəməsidir. Başqa maraqlı məqam isə Cümhuriyyətin 5 hökumətindən 4-də nazir vəzifəsi tutmuş Məlikaslanovun Parlamentdəki çıxışıdır. O, 1919-cu ildə çıxışı zamanı bildirir ki, "Hörmətli vəkillər, bilirsiz, sədrimizin Bakıda evi yoxdur və xaricdən gələn qonaqları qəbul edə bilmir. Hətta stul və stol yoxdur. Ona görə də ikinci əl stul, stol almağa icazə verməyinizi xahiş edirəm. Əgər o, vəzifədən getsə, həmin mallar hökumətin əmlakı kimi qalacaq. Bu hadisə onların əxlaqından və dünya görüşündən xəbər verir".
B.Əzizli əlavə edib ki, qurucu babalarımızın ən böyük xidmətlərindən biri isə dövlətə Azərbaycan adı verilməsi olub:
"Həmin dövrdə regionda olan ingilis zabitlər, Rusiyanın elm adamları və ictimai xadimləri dövlətə Azərbaycan adının verilməsini qəbul etmirdilər. Ən ciddi etiraz isə Qacar səltənətindən gəldi. Onlar iddia edirdi ki, Azərbaycan yalnız Cənub torpaqlarıdır, Cənub isə Şirvan, Aran və Muğan adlandırılır. Həmçinin bu adın xalqın iradəsi ilə yox, Osmanlı dövlətinin diktəsi ilə verildiyini söyləyirdilər. Guya məqsəd də iki tərəfi də birləşdirərək Osmanlı, Alman ittifaqının əmrinə vermək olub. Ancaq Məhəmməd Əmin Rəsulzadə tarixi arqument və sənədləri əsas gətirərək onlara tutarlı cavab verdi. Ümumiyyətlə, qurucu babalarımız Azərbaycan adını coğrafi məfhumdan beynəlxalq hüququn subyektinə çevirməyə nail oldular. Hətta 1920-ci il yanvarın 11-də cümhuriyyət Birinci Dünya müharibəsində qalib olan Paris sülh konfransındakı dövlətlər tərəfindən defakto tanındı. Həmçinin həmin dövrdə çətinliklə də olsa, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Ümumiyyətlə, AXC xalqın dünya görüşündə müstəqillik fikrinin yaranmasına nail ola bildi. Bu gün xalqımızda qurucu babalarımıza hələ də böyük sevgi və rəğbət hissi yaşayır".