Laçınlılar xüsusi coşqu və həyəcan hissilə Böyük Qayıdışa hazırlaşırlar  - Partiya sədri


"Böyük Qayıdışa hazırlaşmanın əsas istiqamətlərindən birini də Laçın rayonu təşkil edir". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilən bütün ərazilərində olduğu kimi Laçında da əsaslı bərpa və quruculuq işləri sürətlə aparılır: 

"Prezident İlham Əliyevin verdiyi tapşırıqlar əsasında son aylarda Laçın şəhərində, Zabux və Sus kəndlərində yenidənqurma işləri daha da intensivləşib. Burada aparılan abadlaşdırma işləri çərçivəsində yol, elektrik, rabitə infrastrukturu tamamilə yenilənib, yaşayış evləri salınıb, bəzi  istehsal müəssisələri yaradılıb. 
Bir sözlə, keçmiş məcburi köçkün vətəndaşlarımızın yurd həsrətinə son qoyulması üçün dövlətimiz maksimum səy göstərir. Laçından olan yurddaşlarımızın böyük bir qisminin öz dədə-baba yurdlarına dönüşünə bu ayın axırı, gələn ayın əvvəllərində start veriləcəyi gözlənilir. Laçınlı dostlarımızla söhbətlərimizdən də hiss edirəm ki, indi laçınlılar xüsusi coşqu və həyəcan hissilə Böyük Qayıdışa hazırlaşırlar. Bəli, laçınlıların 30 illik yurd həsrətinin bitməsinə sayılı günlər qalıb. İnşAllah 2023-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurdakı bütün ərazilərimizə Böyük Qayıdışa şahidlik edəcəyik".