Rusiyanın təcrid edilməsi siyasəti davam edəcək


Putin hakimiyyəti devrilənə və ya Moskvada dəyişiklik olunana qədər bu xətt mövcud olacaq


  NATO baş katibi Yens Stoltenberq Alyans ölkələrini sursat istehsalını artırmağa çağırıb. Stoltenberq bu barədə “Bloomberg“ə müsahibəsində deyib. Hərbi alyansın baş katibi həmçinin Ukraynaya edilən hərbi yardımlarla əlaqədar silah-sursat ehtiyatının tükəndiyini qeyd edib. Stoltenberq Kiyevə hər cür hərbi dəstəyin veriləcəyini, Ukraynanın bütün növ silah-sursatla sona kimi təmin olunacağını deyib.

 Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, NATO-nun Ukraynaya daha çox müasir silah-sursat verəcəyi ilə bağlı bəyanatlarının praktiki təsiri olmayacaq. Ekspertin fikrincə, bu kimi bəyanatlar sadəcə siyasi və mənəvi baxımdan dəstək xarakteri daşıyır: 

"NATO 30 üzv dövlətdən ibarətdir, hər bir üzv dövlətin öz marağı var və bu maraqları uzlaşdırmaq çətindir. Bu, uzun prosesdir və qəbul olunan qərarlar heç də hər bir üzv ölkənin marağı ilə tam uyğun olmaya bilər. ABŞ Ukraynaya verilən yardımın artırılması haqda qərar qəbul edib. Kiyevə miqdarca daha çox, keyfiyyətcə daha üstün silahlar veriləcək. NATO-nun Şərq qanadında dənizdə, havada və quruda hərbi alyansın fəaliyyəti gücləndiriləcək. Dörd əlavə hərbi döyüş birliyinin yerləşdirilməsi haqda artıq qərar verilib. Bunlar Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yerləşdiriləcək. Bundan əvvəl isə Polşa və Baltik ölkələrində belə qüvvələr yerləşdirilib. Bu, NATO-nun müdafiə və çəkindirmə gücü kimi, Rusiyanın da imkanları nəzərə alınmaqla, yetərli hesab olunur. Ukrayna üzərindən dolayısı ilə müharibə aparmaqla yanaşı, mədəni sahədən idman sahəsinə qədər, Rusiyanın təcrid edilməsi siyasəti davam edəcək".
  A.Rəşidoğlunun sözlərinə görə, Putin hakimiyyəti devrilənə və ya Moskvada dəyişiklik olunana qədər bu xətt mövcud olacaq: "Strateji perspektivə gəldikdə isə NATO-nun yeni strateji konsepsiyası qəbul ediləcək. Yeni konsepsiyada da NATO-nun strateji baxışları öz əksini tapacaq. Lakin açıq NATO-Rusiya savaşı gözlənilmir".