Qəzalı binalar gündəmə gəldi: Əməli addımlar atılacaq

 
Prezidentin tapşırığı əsasında qəzalı vəziyyətdə olan binalarla bağlı yeni proqram hazırlanıb



  “Dövlət Neft Fondunun aktivlərinin artırılması müsbət amildir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Neft Fonduna daha çox vəsait toplanır: “Digər tərəfdən, gəlirlərin hamısının xərclərə ayrılması düzgün deyil. Konkret makroiqtisadi vəziyyətdən asılı olaraq qərarlar qəbul edilir. 5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub. Ötən illə müqayisədə qazın dünyada qiyməti 10 dəfə azaldılıb. Ona görə də birinci rübdə olan qazdan yüksək gəlirlər deməyə əsas vermir ki, növbəti rübdə də belə olacaq: “Eynilə də neftin qiyməti ötən il daha yüksək idi. Neft gəlirlərində yüksəklik üçün əsas faktor qazın qiymətinin yüksək olmasıdır”.

Qəzalı evlərin bərpası ilə bağlı proqram hazırlanıb

  Samir Şərifov qeyd edib ki, yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq: "Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı bizdə məlumat var. Prezidentin tapşırığı əsasında qəzalı vəziyyətdə oaln binalarla bağlı yeni proqram hazırlanıb. Qəzalı evlərin bərpası ilə bağlı proqram hazırlanıb. Ötən həftə baş nazirimizin sədrliyi ilə müşavirə keçirilib. Sumqayıtdakı yataqxana ilə bağlı məsələyə də baxılıb. Bu istiqamətdə yaxın vaxtlarda əməli addımlar atılacaq”.

"Debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür"

  Maliyyə naziri bəyan edib ki, debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür: "Debitor borc deyəndə söhbət ondan gedir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişlər alırlar. Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır". Onun sözlərinə görə, bağlanan müqavilələr uzunmüddətli olduğu üçün məbləğ də böyük olur: “Müqavilələr 1-3 illik layihələrlə bağlı olduğu üçün böyük məbləğdə avans ödənilir, sonra kontrakt icra olunduqca, bu artıq balanslaşdırılır. Təxminən biz bunu dövlət büdcəsi xərclərinin 7-8 faizi səviyyəsində qiymətləndiririk. Maliyyə Nazirliyi bu istiqamətdə işlər görür. Bu problemi bilirik. Tam debitor borcların aradan qaldırılması qeyri-mümkündür. Amma bunun mərhələli şəkildə aradan qaldırılması istiqamətində addımlar atılacaq”.
  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, debitor borcların olmasını 2 əsas səbəb istisna etmir: “Bunlardan biri qurum tərəfdən idarəetmə qərarlarının vaxtında verilməməsidir. Son dövrlərdə vaxtında icra olunmayan müqavilələrin həcmi artıb. Bu, yoxlamalar zamanı ortaya çıxır”.

"İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır"

  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, işsizliyin tam həlli uzun prosesdir. İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi önəmli çağırışlardan biridir. Nazir bildirib ki, eyni zamanda iş yerləri ilə bağlı da problemlər var: “Yeni iş yerləri də yaradılmalıdır. İş yerlərinin açılması ilə paralel isə ixtisaslı işçi qüvvəsinin də yaradılması lazımdır. Regionlarda bu problem daha böyükdür. İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır. Dövlət çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.

"Son il yarım ərzində internat məzunu olan şəxslərə verilən mənzillərin sayı açıqlanıb"

  Sahil Babayev əlavə edib ki, son il yarım ərzində internat məzunu olan şəxslərə verilən mənzillərin sayı açıqlanıb. Nazir 500-dən artıq internat məzunu olan şəxsə son il yarım ərzində mənzil verildiyini diqqətə çatdırıb: “İllik tələbata uyğun olaraq onlara mənzillər verilməyə davam edəcək. Prezidentin tapşırığı ilə onlar üçün evlər tikilib. Əvvəldən yığılıb qalmış belə şəxslər var. Bu say artıq azaldılıb”.

"Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir"

  S.Babayev qeyd edib ki, hədəf ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Nazirliyin potensialı kifayət etmir. Nazir bildirib ki, bunun üçün özəl tərəfdaşlarla əməkdaşlıq edilir: “Bu il 20 min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq”. Sahil Babayev bildirib ki, sığınacaqlar sosial sifariş əsasında təyin edilir: “Özəl əsaslarla fəaliyyət göstərən 3 böyük sığınacaq var. Müqavilələr imzalanıb, növbəti il daha bir sığınacaq istifadəyə veriləcək”.

"Sosial müavinətləri və əməkhaqlarını artıraraq inflyasiyanı üstələməyə çalışdıq"

  Nazir deyib ki, dövlət başçısının siyasətinin ana xəttini əhalinin rifahı təşkil edir: "Ümumi yol xəritəsi var. Ona uyğun olaraq sosial islahat paketləri ardıcıl olaraq tətbiq edilir. Ötən il inflyasiya olduğu təqdirdə biz sosial müavinətləri 20-22 faiz, əməkhaqqlarını orta hesabla 15 faiz artıraraq, inflyasiyanı üstələməyə çalışdıq. Əməkhaqqı fondunun artırılması üçün də ardıcıl addımlar atılır, silsilə tədbirlər görülür”.