"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib ki, Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, müharibə 1-2 həftəyə başa çata bilər. Bu halda Ukrayna ikinci Belarusa çevrilə bilər. Onun sözlərinə görə, Aİ bunu istəmir. J. Borel qeyd edib ki, bildirib ki, əsas məsələ müharibəni bitirmək yox, savaşa necə son verməkdir".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib. Ekspert bildirib ki, Aİ nümayəndəsinin bu açıqlaması kifayət qədər maraqlı və əhəmiyyətlidir. J. Borel səsləndirdiyi fikirlərlə ilk növbədə Qərbin dəstəyinin Ukrayna üçün əhəmiyyətli olduğuna işarə vurub:
"O demək istəyib ki, Qərb olmasa idi, Ukrayna çoxdan məğlub olmuşdu. Bu fikirlər rəsmi Kiyevin Qərbdən silah təminatı ilə bağlı narazılığının artdığı bir vaxtda xüsusilə diqqət çəkir.
Aİ rəsmisinin bu açıqlaması həm də təhdid məzmunludur. J. Borel sanki Ukraynaya xəbərdarlıq edir ki, bizim verdiyimiz silahlarla müharibəni biz dediyimiz vaxtadək davam etdirəcəksən, əgər özbaşınalıq etmək istəsən, bunun nəticəsi ağır ola bilər" .
Siyasi şərhçi vurğulayır ki, J. Borelin bu bəyanatı digər Qərb rəsmilərinin Ukrayna ordusunun yenilməzliyinə dair verdiyi açıqlamaları da şübhə altına salır. Çünki J. Borel Ukraynanın taleyinin birbaşa Qərbdən asılı olmasına eyham vurub.
Bundan başqa, J. Borelin açıqlaması onu deməyə əsas verir ki, Aİ hələ ki, müharibənin başa çatmasında maraqlı deyil. O, bunu öz dili ilə deyib:
" Doğrudur, Qərb əlini Ukraynanın üzərindən çəksə, Kiyevin işi ağırlaşacaq. Gələcəkdə Ukraynanın Rusiya ilə Avropa arasında parçalanması, yaxud J. Borelin iddia etdiyi kimi, Belarustək Rusiyanın müstəmləkəsinə çevrilməsi mümkündür. Qərbin hazırkı dəstəyi bu təhlükəkərin qarşısını alır. Lakin eyni zamanda deməliyik ki, savaşın yaxın vaxtda başa çatacağı ağlabatan görünmür. Əksinə, döyüşlərin miqyası daha da genişlənə bilər. Və təəssüf ki, Ukrayna hər ötən gün daha çox Qərbdən asılı vəziyyətə düşür".