"Ermənistan təxribatlara əl ataraq, öz vəziyyətini daha da ağırlaşdırır" - Hərbi ekspert

"Azərbaycan Ermənistanı 9 noyabr bəyanatının müddəalarını yerinə yetirməyə məcbur etmək gücündədir"

İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Atəşkəsin pozulmasına münasibət bildirən hərbi ekspert Emil Həsənli "Sherg.az"a vurğulayıb ki, Ermənistan hər zaman sülh danışıqları ərəfəsində təxribatlara əl atır:

"Bu hadisə ilk deyil. Köçəryanın da, Sarkisyanın da dövrlərində belə olub. Yəni hər zaman erməni təxribatı sülhün əldə edilməsinə maneə törədib. İndi Paşinyanın dövründə də bu proses davam edir. Ermənistan baş naziri isə, bəhanələr gətirir, hətta son zamanlara qədər atəşkəsin onlar tərəfindən pozulduğunu təkzib edirdi. Ancaq indi açıq şəkildə etiraf edir ki, Ermənistan ordusunun bəzi generalları Rusiyaya bağlıdır və təxribatı onlar törədir".

Ekspert əlavə edib ki, Ermənistanda tez-tez ordu rəhbərliyində dəyişikliklər olur:

"Sual yaranır ki, Paşinyan bu qədər vaxt ərzində orduya nəzarət edə bilmir? Yaxud da silahlı birləşmələr niyə hələ də Qarabağdadır? Çünki bununla bağlı konkret qərar verilmir. Əgər tapşırıq verib, icra olunmasa, o bunu dünyaya bildirə bilər ki, mənim sözlərim yerinə yetirilmir. Digər tərəfdən Ermənistan tərəfindən Qarabağda olan qanunsuz birləşmələrə maaş ayrılır, silah və ərzaq göndərilir. Hətta rus sülhməramlıları da onlara dəstək verir. Atəşkəs rejimi isə həm Ermənistanla sərhəddə, həm də sülhməramlı kontingentin yerləşdiyi ərazilərdə pozulur. Bu qəbuledilməzdir və uzun sürə bilməz. Necə ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini bəhanələrlə qəbul etməyəndə, Azərbaycan ordusu onları 2020-ci ildə yerlərinə otuzdurdu. Elə indi də  Ermənistanı 9 noyabr bəyanatının müddəalarını yerinə yetirməyə məcbur etmək gücündədir. Yəni danışıqlar nəticə verməsə, alternativ "dəmir yumruq" yerindədir və işə düşəcək. Ümumiyyətlə məsələ daha da uzan bilməz və beynəlxalq hüquq normaları çərçivəsində konkretləşməlidir. Azərbaycanın şərtləri və mövqeyi isə dəyişməzdir. Ermənistan tərəfi isə bu cür təxribatlara əl ataraq, öz vəziyyətini daha da ağırlaşdırır".