Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan vətəndaşları üçün viza rüsumunu 25 ABŞ dolları artırıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, iyunun 17-dən ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 ABŞ dollarından 185 ABŞ dollarına çatdırılacaq.
Qərara münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, bu artım təkcə Azərbaycana yox, regionda yerləşən bütün ölkələrin viza rejiminə aiddir:
"Bunu isə ABŞ-da olan yüksək dollar inflyasiyasıyla izah edirlər. Yəni qiymətlər artıb və dövlət büdcəsində kəsr yaranıb. Bu yaxınlarda hətta Amerikanın default ola biləcəyi ehtimalı da var idi. Onlar borc tavanını artıraraq, federal dövlət xərclərinin yüksəltməyə nail oldular. İndi isə federal dövlət xərclərinin maliyyələşdirmə mənbələrinin tapılması ilə bağlı bəzi qərarlar alınıb. Bunlardan biri də, bizim regiona aid ölkələrdə viza rüsumunun artırılması ilə bağlı qərardır. Rüsumu 25 dollar artırmaqla isə, dövlət büdcəsindən dövlət departamentinin xərclərinin maliyyələşdirilməsi düşünülür".