İran hakimiyyəti  azərbaycanlı xəstələrdən məkrli planları üçün istifadə edir - Politoloq

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Məlumata görə, iranlı həkimlər azərbaycanlı xəstələri "tələyə" salmağa çalışırlar. Hətta bəzi hallarda onları casusluğa cəlb edirlər. Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.
 "Güney Azərbaycan" teleqram kanalında da bununla bağlı səs yazısı yayılıb. Səs yazısında deyilir ki, Tehranda həkim azərbaycanlıya iynə vuraraq bədəninə virus yeridib. Həmin şəxs iynə vurulduqdan sonra özünü pis hiss etməyə başlayıb, həkim ona vəziyyətinin çox ağır olduğunu, dərhal müalicə olunmalı olduğunu bildirib. Müalicə üçün isə 50 min dollar tələb olunub. Daha sonra xəstəxanaya gələn müəmmalı şəxslər onunla danışaraq bu pulu ödəməsi üçün ona kömək edəcəklərini, lakin qarşılığında onların dediklərini etməli olduğunu, kəşfiyyat məlumatları verməli olduğu deyilib.

 İran hakimiyyətinin hər fürsətdə Azərbaycan vətəndaşlarından öz siyasi və ideoloji məqsədlərində istifadə etməyə cəhd göstərdiyini deyən politoloq Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki,  bunu son günlərdə yayılan məlumatlar da təsdiqləyir:
"Məlum olur ki, onlar Azərbaycanda narkotik şəbəkəsi və "beşinci kolon" yaratmağa çalışır. Eləcə də Qum şəhərinə dini təhsil almağa gedən Azərbaycanlı tələbələri öz məqsədlərində istifadə edərək, onlardan ibarət SEPAH-ın Qüds qolu olan "Hüseyniyun" dəstəsi formalaşdırılır. Bu dəstə isə Azərbaycan dövlətinə qarşıdır. Digər tərəfdən İrana müalicə almaq üçün gedən vətəndaşlarımızın da, xüsusi xidmət orqanlarının tələsinə düşmə ehtimalı var. Ona görə də Azərbaycan tərəfi vətəndaşlarına tövsiyə edir ki, Cənub qonşumuza səfər zamanı diqqətli olmalıdırlar. Çünki Tehran rejimi, yaratdığı mühitlə dünyanın bütün insanları üçün risk təşkil edir".

S.Soltan əlavə edib ki, İran hakimiyyəti əvvəllər də insanların sosial vəziyyətindən istifadə edərək,  onları öz məkrli siyasətinin qulu etməyə çalışıb:

"Bu proses indi də davam etməkdədir. Təbii ki, insanlar "boğulanda saman çöpündən yapışırlar". Ona görə də, İran xüsusi xidmət orqanları çətin vəziyyətlərindən istifadə edərək, vətəndaşlarımıza əməkdaşlıq təklif edə bilər. Odur ki, bu tip problemlərlə qarşılaşmamaq üçün, vətəndaşlarımıza öz həkimlərimizə etibar etməyi tövsiyə edirəm. Çünki Azərbaycanda sığorta sistemi ilə yaradılmış səhiyyə sahəsində  görülən işlər, əvvəlki illərlə müqayisədə vətəndaşlarımızın işlərini xeyli asanlaşdırıb. Üstəlik də günü-gündən səhiyyə sahəsində müasir avadanlıqlardan daha geniş istifadə olunur. İranda isə avadanlıqlar aşınıb və müasir tələblərə cavab vermir.hər şey köhnədir.  Çünki sanksiyalara görə heç kəs onlara satış etmir.  İran hakimiyyəti səhiyyə turizmini xarci ölkələrin vətəndaşlarını ovlamaq və onları şərləməklə bərbad günə qoyub Bu səbəblə də, əksər hallarda iranlı həkimlər xəstələrə düzgün diaqnoz qoya bilmir. Həmçinin Tehran rejiminin yaratdığı ağır siyasi, sosial və iqtisadi vəziyyət savadlı həkimlərin ölkəni tərk etməsinə gətirib çıxarıb. Son araşdırmalara görə İrandan 12 min nəfər mühacirət edib. Bu isə böyük rəqəmdir. Mən vətəndaşlarımıza səslənirəm ki, rejimin şirnikləndirici təklifləri qarşısında Vətəninizi satmayın. Çünki başqa ölkənin maraqlarını təmin etmək xəyanətdir".