Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni erməni silahlı dəstələri üçün daşınan hərbi yüklərin mühafizəsi davam etdirilir.
Təqdim edilən videogörüntüdə sülhməramlıların ZTR-82A zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin 4 ədəd yük "KamAZ"ı, 1 ədəd çən olan "KamAZ"ı və 1 ədəd "UAZ"ın hərəkəti aydın görünür.
Hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşınması icra edilir.
Hadisəyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli "Sherg.az"a bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycana gəlməsinin, bizə müsbət dividentlər gətirməyəcəyi hamı tərəfindən başa düşülürdü:
"Düzdür Putin döyüşlər gedəndə bildirdi ki, Azərbaycan öz ərazilərində antiterror əməliyyatı aparır. Amma rus sülhməramlılarının Azərbaycana gələn gündən hərəkət dinamikasını izlədikcə gördük ki, onların missiyası heç də sülhü dəstəkləmək deyil. Çünki Azərbaycanın sülhməramlı missiya ilə bağlı ciddi təcrübəsi var. Əfqanıstanda, Kosovada, İraqda sülhməramlılarımız sülhü dəstəkləmək işini çox yüksək səviyyədə yerinə yetiriblər. Hətta beynəlxalq və NATO komandanlığının medalları ilə təltif olunublar. Yəni sülh yaratma missiyası müqəddəsdir. Hansı ki, ruslar bunun öhtəsindən gələ bilmədilər. Onlar ilk növbədə özlərini tərəf kimi göstərdilər. Yəni rus sülhməramlıları Azərbaycan ərazisində toplaşmış separatçıları himayəsi altına aldı. İndi də Azərbaycanın Qarabağla bağlı mövqeyinin konkret ortaya qoyulduğu bir vaxtda, qanunsuz silahlı birləşmələri dəstəkləyir. Onlar nə beynəlxalq hüququ, nə də üçtərəfli bəyanatın müddəalarını nəzərə alırlar. Ümumiyyətlə üçtərəfli danışıqlarda ərazimizdə olan qeyri-qanuni birləşmələrin torpaqlarımızı tərk etməsi tələb kimi qoyulmuşdu. Bu gün də həmin tələb öz hüquqi əhəmiyyətini itirməyib".
Ekspert əlavə edib ki, Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsi quraraq, separatçıların silahlanmasına ciddi əngəl yaradıb:
"Amma rus sülhməramlılarının regionda olması, ermənilər üçün fürsət yaradır. Yəni sülhməramlılar Rusiya dövlətinin Cənubi Qafqaz siyasətini həyata keçirən lokal silahlı birləşmə kimi erməni separatçılarına dəstək verir. Bilirsiz sülhməramlı tərəf olmamalıdır. Onlar isə münaqişənin kimin tərəfindən törədildiyini, kimin işğalçı olduğunu nəzərə almadan terrorçulara dəstək verirlər. Adamda təsəvvür yaranır ki, guya biz ermənilərə soyqrımı törətmişik. Digər tərəfdən sülhməramlıların bu hərəkəti, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini də sıxışdırır. Ümumiyyətlə dövlətlər biri-birinə hörmətlə yanaşmalıdır. Çünki biz heç bir dövlətə qarşı hörmətsizlik etmirik və təcavüzə məruz qalan bir xalqıq. Mən düşünürəm ki, Qarabağ məsələsinin həll edilərək, tarix olması Moskvanı narahat edir. Ona görə də separatçı dəstələrə dəstək verilir. Bunun sonu isə yaxşı olmaycaq".