Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Polşa səfirinin əvəzedicisi Mariuş Pietr Jak və nazir İliya Darçiaşvilinin görüşü ilə bağlı məlumat yayıb.
Nazir Darçiaşvili XİN-ə çağırılmış diplomatın diqqətinə çatdırıb ki, polşalı həkimin prosedurları pozaraq Mixeil Saakaşvilidən götürdüyü bioloji nümunəni klinikadan kənara çıxarmağa çalışması Gürcüstan tərəfində narahatlıq yaradıb.
Görüş zamanı Polşadan olan tibbi missiyanın üzvlərindən birinin yol verdiyi bu davranışın anlaşmazlığa, narahatlığa səbəb olduğu və bütün prosesə etimadın itirilməsi ilə nəticələnə biləcəyi qeyd edilib.
Məlumatda bildirilib ki, görüş zamanı Polşa səfirliyinin rəsmisindən insidentlə bağlı mövqeyini bildirməsi istənilib. Diplomat insidentlə hansı davranışın səbəb olması ilə bağlı məlumatsız olduğunu ifadə edib.
Bu insidentin Qərblə Gürcüstan münasibətlərinin qırılma nöqtələrinin ortaya çıxmasının bariz nümunəsi olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a açıqlayıb ki, buna qədər də Avropa İttifaqı Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyinə görə rəsmi Tbilisiyə xəbərdarlıq etmişdi:
"Hətta Gürcüstana sanksiyalar da tətbiq olunmuşdu. Digər tərəfdən Ukrayna Saakaşvilinin öz vətəndaşı olduğunu əsas gətirərək, məsələyə müdaxilə etməyə çalışmışdı. Eyni zamanda Gürcüstanın Rusiyayla yaxınlaşmasını və dəstək verməməsini də Ukrayna tərəfi dəfələrlə gündəmə gətirib. Bütün bunlar onu göstərir ki, Gürcüstan hakimiyyəti ilə Qərb arasında dərin bir çat əmələ gəlib. Bu isə rəsmi Tbilisinin Qərb və Rusiya ilə əlaqələrini paralel şəkildə davam etdirməyə çalışmasından qaynaqlanır".
Analitik əlavə edib ki, Gürcüstan və Qərb arasındakı münasibətləri pozan amillərdən biri də Saakaşvilinin həbsidir:
"Çünki bir çox dairələr Saakaşvilinin Putinin təkidiylə həbs edildiyini və ona qəsdən işgəncə verildiyini bildirirlər. Bu da Gürcüstan hakimiyyətinin Rusiyaya yaxınlaşmada ittiham olunmasına səbəb yaradır. Düşünürəm ki, polşalı nümayəndə heyəti ilə də oxşar vəziyyət yaranıb. Gürcüstan tərəfi polşalı həkimin icazəsiz nümunə çıxarması ilə bağlı açıq şəkildə narahatlığını ifadə edib. Polşa tərəfi isə buna saymazyana cavab verib. Bu, o deməkdir ki, Polşa hərəkəti dəstəkləyir və həmin həkimə cəza tədbiri nəzərdə tutulmayıb. Ancaq son dövrlərdə istər Zelenskinin, istərsə də polşalı nümayəndə heyətinin atdığı addımlar göstərir ki, Qərb Saakaşvilinin azad edilməsində israrlıdır. Bu isə indiki Gürcüstan hakimiyyətinin maraqlarına uyğun gəlmir".