"FETÖ-nün hələ ifşa olunmadığı dövrdə Azərbaycanda fəaliyyəti müxtəlif sahələri əhatə edirdi".
Bu sözləri “Sherg.az”a açıqlamasında “Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal deyib.
O bildirib ki, bu fəaliyyət Azərbaycanın yaradıcı təşkilatları ilə yanaşı, dövlət qurumları və medianı da əhatə edirdi".
"Onlar Türkiyədə tədbir təşkil edərkən Azərbaycanın media nümayəndələrini də dəvət edirdilər. Həmçinin ölkəmizdə müəyyən ziyafətlər və tədbirlər təşkil olunurdu. Yəni çoxşaxəli fəaliyyətlər mövcud idi. Əslində o zamanlar Azərbaycan media mənsubları nəyin baş verdiyinin fərqində deyildilər. Onlar düşünürdülər ki, Türkiyədən olan qardaşlarımızdırlar və elan etdikləri kimi humanitar fəaliyyətlərlə məşğul olurlar. Amma 15 iyul qiyamından sonra həmin təşkilatın məqsədi önə çıxdı. Yəni göründü ki, onların məqsədi Türkiyə və türk cümhuriyyətlərində insanları təşkilata cəlb edərək çevriliş etməkdir. Yalnız bundan sonra Azərbaycanda FETÖ-nün tədbirlərində iştirak edən media nümayəndələri onlarla əlaqələri kəsdilər".
Baş yazarın sözlərinə görə, hazırda onların qurduqları şəbəkə ilə əlaqə quran leqal media orqanları istisna təşkil edir:
"Çünki Azərbaycan mediası milli, dövlətçi və oyanıqdır. Lakin zaman-zaman kimlərinsə adının FETÖ ilə hallandığının şahidi oluruq. Xüsusən də daha çox şərait yaradılmış media orqanlarının idarəçiliyində olan şəxslərin adı daha çox çəkilir. Mən hesab edirəm ki, sosial şəbəkələrdə və mediada üzə çıxan bu istisnalarla bağlı məsələlər daim diqqətdə saxlanılmalı və araşdırılmalıdır. Çünki FETÖ yalnız Azərbaycan və Türkiyə ilə məhdudlaşan bir təşkilat deyil. Bu gün onların Azərbaycan və Türkiyədən qaçan fəalları var ki, dünyada fəaliyyət göstərir. Ona görə də müvafiq dövlət qurumları səslənən iddiaları araşdırmalı və lazımi tədbirlər görməlidir".
Qeyd edək ki, bir neçə gün öncəAzərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib, dörd nəfər həbs edilib.
“Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.
FETÖ üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.
Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Başlanmış cinayət işi əsasında bildirilib ki, hərəkatın digər üzvlərinin də müəyyən edilərək tutulması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.