Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. Hətta BQXK bu hərbi cinayətin araşdırılması istiqamitində heç bir səy göstərməyib.
Həmçinin BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının göstəricisidir.
Sual yaranır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi nəyə görə hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır? Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciəti cavabsız qalır.
Məsələyə münasibət bildirən Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a söyləyib ki, Ermənistanda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi hər zaman bizə qarşı çıxış edir:
"Hətta Vətən müharibəsi zamanı təcili yardım maşınları vasitəsilə sursat daşıyaraq separatçılara köməklik edib. Çünki hamısı bir şəbəkədəndirlər. Yəni BQXK-nın rəhbərliyi kimdirsə onun əmrləriylə hərəkət edirlər. Məsələ ilə bağlı BQXK-ya müraciət etmək lazımdır. Soruşmaq lazımdır ki, niyə gün ərzində bizdə olan ermənilərin yanına üç dəfə gedib köməklik edirlər, amma bizim itkin düşmüş vətəndaşlarımıza münasibətləri soyuqdur? Yəni çağırıb məsələni danışmalı və faktları ortaya qoymalıyıq".