"Artıq ikinci dəfədir Azərbaycan Müdafiə Nazirliyi sistemində belə bir qərar verilir və bir müddət sonra bunun nəticəsini görəcəyik".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Müdafiə nazirinin iki müavin postu ləğv edilməsindən danışarkən deyib.
O söyləyib ki, bu qərarın uğursuz olduğunu düşünür:
"Hesab edirəm ki, bəzi məsələlərə köklü yanaşma olmalıdır. Yəni bu günlərdə islahat adı altında bəzi qərarlar verilsə də, əsaslandırılmır. Ümumiyyətlə vaxtında belə qərarlar olub və sonradan onu yenidən bərpa etmək məcburiyyətində qalmışıq. Düzdür ölkə başçısı Müdafiə Nazirliyinin ştat strukturunu qardaş Türkiyə modelinə uyğunlaşdırmaq tapşırığı verib, amma bəzi qərarlar əsaslandırılmır. Yəni bu ləğvlə ratasiya məsələsində problemlər yarana bilər. Ona görə də hesab edirəm ki, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi nazirin müavini vəzifəsində qalmalı idi. Çünki islahatlar şəxslərə görə olmamalıdır və bu vəzifələr ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə də var. Həmçinin bu məsələ ölkənin təhlükəsizliyi ilə bağlı olduğu üçün çox ciddidir".
Ekspertin sözlərinə görə, Azərbaycanda nazirlik var ki, yeddi müavini var:
"Halbuki iki müavin artıqlaması ilə bəs edir. Ölkənin müharibə aparan qurumunda isə vəzifələr ləğv edilir. Ümumiyyətlə Müdafiə Nazirliyi sistemində 99 faiz harbiçi, 1 faiz mülki peşə olmalıdır. Bu gün isə Müdafiə Nazirliyini mülki təşkilata çevirirlər. Axı müharibə hələ bitməyib və ermənilər hələ də bizi təhdid edir. Bu səbəblə də peşəkar hərbiçi kimi hesab edirəm ki, iki muavin postunun ləğvi səhv qərardır və bir müddətdən sonra məcbur qalıb yenidən bərpa edəcəyik".
Qeyd edək ki, Müdafiə nazirinin iki müavin postu ləğv edilib.
APA-nın əldə etdiyi xəbərə görə, indiyə qədər Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi nazirin müavinləri idi.
Dəyişikliklərə görə, hər iki post ləğv edilib və müdafiə nazirinin müavinləri siyahısından çıxarılıb.
Xatırladaq ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Nazir müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. Dəyişiklikdən sonra Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb.