“Qərbi Azərbaycan İcması son günlər bir sıra Ermənistan rəsmiləri tərəfindən Qərbi Azərbaycana qayıdışa dair səsləndirilən bəyanatları qınayır. Bu, bir daha Ermənistanda azərbaycanofobiyanın hökm sürdüyünü bariz şəkildə sübut edir”.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı açıqlamasında yer alıb.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların guya deportasiyaya məruz qalmadıqları, evlərinin əvəzində kompensasiya alaraq öz əzəli torpaqlarını tərk etmələrinə dair iddialar isə ümumiyyətlə heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır:
“Qərbi Azərbaycan İcmasının Ermənistana ünvanlanmış dialoq təklifinin ərazi iddiası kimi hesab edilməsi qəbuledilməzdir.Ermənistan rəsmilərinin bəyanatları həm də onu göstərir ki, Ermənistan son vaxtlar Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəviyə çıxarılmasından olduqca narahatdır.
Bundan əlavə, Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin “müstəsnalığına” dair dedikləri insan hüquqlarına kökündən ziddir. Ermənistan hökumətinə bir elementar həqiqəti xatırlatmaq istərdik ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci bəndinə əsasən, “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar”.
İcmanın müraciətlərinin Ermənistan tərəfindən siyasi iddialar konteksindən dəyərləndirildiyini söyləyən Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, bu, yolverilməzdir:
"Çünki beynəlxalq hüquqa görə hər bir azərbaycanlının və insanın təməl haqlarından biri də doğulduğu ərazidə yaşamaqdır. Bu gün isə Qərbi Azərbaycanda doğulmuş, orada təhsil almış 300 mindən çox azərbaycanlı öz torpaqlarından kənarda yaşayır. Öz vətənlərinə qayıtmaq onların hər birinin hüququdur. Ümumiyyətlə çox sevindirici haldır ki, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları prosesində bu məsələ gündəmə gətirilib. Hətta liderlərin Brüsseldə baş tutan altıncı görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti bu məsələyə də toxundu. Ona görə də erməni tərəfinin bundan imtina etməsi, uzunmüddətli və etibarlı sülhə üz çevirməsi deməkdir. Çünki Qərbi azərbaycanlıların öz torpaqlarında tam hüquqlu vətəndaş kimi yaşaması, iki ölkə arasındakı sülhün təminatçısı ola bilər. Mən düşünürəm ki, Ermənistan sülh istəmədiyinə və Qərbi Azərbaycan torpaqlarının kimə aid olduğunu bildiyinə görə, mövzunu bu cür manipulyasiya predmentinə çevirir".
Parlamentarinin sözlərinə görə, ermənilərin siyasi şüurlarının dərin qatlarında bir fobiya var:
"Yəni onların içində başqasının torpağını zəbt edərək dövlət qurmaq qorxusu qaynayır. Onlar bilirlər ki, Qərbi Azərbaycan bizim torpaqlardır və ermənilər bura sonradan köçürülərək süni dövlət qurublar. Digər tərəfdən Qərbi Azərbaycan İcması məsələni bu yerdə qoymur. Qayıdış planında da göstərildiyi kimi, Qərbi azərbaycanlılar sülh və Ermənistan konstitusiyasının qəbul edilməsi yolu ilə öz torpaqlarında yaşamaq istəyirlər. Mən düşünürəm ki, gec də olsa ermənilər bunu dərk edəcək və Qərbi azərbaycanlıların yurdlarına qayıtmalarına hüquqi zəmanət verəcəklər".