Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın səbrini sınamağa başlayır.
Bunu Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko “RİA Novosti“yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın ABŞ-lə birgə təlimlər keçirmək planları nümayişkaranə bir addımdır və İrəvanın Qərbə istiqamətlənməyə çalışdığını göstərir.
Bezpalko qeyd edib ki, Paşinyan ölkəsi ilə Rusiya arasında müttəfiqlik münasibətləri fonunda qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır və bununla da Rusiyanın səbrini sınamağa başlayır. Atılan addımlar da öz növbəsində Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri pozmaq istədiyinin əyani sübutudur.
Rusiyalı politoloqun fikrincə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi riski var.
Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan və Rusiya arasındakı münasibətlərin eniş-çıxışlı olduğunu deyən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a vurğulayıb ki, bu, erməni baş nazirin Qərbyönümlü siyasətindən irəli gəlir:
"Paşinyan nöqteyi-nəzərindən hər zaman Rusiyanın Ermənistandakı mövcud hakimiyyəti devirmə qorxusu var. Ümumiyyətlə rəsmi Moskva və İrəvan arasında gah gərginlik olur, gah da yumşalmalar baş verir. Xüsusən sərhəddə baş verən döyüşlərdən sonra Ermənistan Rusiyanın oynadığı rolu şübhə altına salır. Həmçinin burada Qərb ölkələrinin bölgədə iştirakı məsələsi də var. Çünki Paşinyan daim ABŞ və Avropa ölkələri üçün qapını aralı saxlayır. Digər tərəfdən son proseslərdə Fransanın aktivliyi müşahidə olunur. Əslində Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri hər kəs tərəfindən qəbul olunub. Ermənistan isə hansısa, formada Qarabağa dair iddialarını saxlamağa çalışır. Bu prosesdə isə Rusiyanın mövqeyi faktiki olaraq həlledicidir".
Analitik əlavə edib ki, Rusiyanın Laçın və Ağdam-Xankəndi yolu ilə bağlı yanaşması Ermənistanın maraqlarına ziddir:
"Bu kontekstdə də rəsmi Parisin aktivləşdiyini görürük. Paşinyan hakimiyyətinin anti-Rusiya bəyanatlarının isə Kremldən uzaqlaşmağa hesablandığını düşünmürəm. Yəni Ermənistanın KTMT-dən tamamilə ayrılması və Rusiyadan uzaqlaşması çətin görünür. Çünki bunun baş verməsi üçün Moskvanın bölgədəki təsir imkanları tamamilə itməlidir. Ümumiyyətlə Paşinyan hakimiyyətinin atdığı addımlar həm Rusiya, həm də Qərb qarşısında öz çəkisini artırmağa hesablanıb".