"Təxribatlar törətmək Ermənistanın sülh sazişinin ləngitmək üçün yeganə çıxış yoludur"
“The Crisis Watch” bu və ya digər regionda baş verən hərbi münaqişələri izləyir. "Globalinfo.az"ın xəbərinə görə, təşkilatın təmsilçisi Babak Taghvaee yazır ki, sentyabrın 6-da Azərbaycan Müdafiə Nazirliyinə “Bayraktar TB2” dronlarının yeni dəsti daxil olub. Bu dronlar Ermənistana növbəti təxribatlarına qarşı istifadə olunacağı ehtimal olunur. Dron dəsti Azərbaycanın “Silk Way Airlines” şirkətinə məxsus yük təyyarələri vasitəsi ilə Ankaradan Yevlaxa çatdırılıb.
“The Crisis Watch” bu xəbəri Twitter-in X platformasından yayıb. İrana məxsus “Iran International Newsroom” isə bu xəbəri “Looming Azerbaijan-Armenia War Signals Geopolitical Shifts” (Yaxınlaşan Azərbaycan-Ermənistan Müharibəsi Geosiyasi dəyişikliklərdən xəbər verir) adlı təhlil yazısında istifadə edib.
Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlaya biləcəyi ilə bağlı Nikol Paşinyan da bəyanat verir. Bu məlumat beynəlxalq xəbər agentlikləri tərəfindən də tirajlanır.
Azərbaycanla Ermənistan arasında Moskva, Brüssel və Vaşinqtonda gedən danışıqlar faktiki olaraq dondurulub. O da maraqlıdır ki, heç bir siyasi mərkəz Azərbaycanla Ermənistana danışıqların növbəti raundunun keçrilməsi üçün çağırış etmir.
Rəsmi Ankara və Bakı arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az" şərh edib ki, Azərbaycanın Türkiyədən avadanlıqlar, silah, sursat və.s əldə etməsi heç kəsdə təəccüb doğurmamalıdır:
"Azərbaycan Silahlı Qüvvələri üçün zəruri olan texnika və avadanlıqları əsasən Türkiyə və İsraildən tədarük edir. Onların daşınma marşrutları açıqlanmasa da, Yevlax ilə əlaqəli deyil. Bu günlərdə intensivləşən erməni təxribatları isə hərbi əməliyyatlarının başlana biləcəyini ehtimal etməyə əsas verir. Sosial şəbəkələrdə erməni tərəfinin İrəvan yaxılındakı hərbi hissələrdə olan qüvvələrini Azərbaycan-Ermənistan şərti sərhəddinə göndərməsi və ehtiyatda olan hərbiçilərini orduya çağırması ilə əlaqədar kifayət qədər video materiallar paylaşılıb. Belə olan halda isə Ermənistanın yaxın günlərdə hərbi əməliyyatlara başlaya biləcəyini ehtimal edə bilərik".
Ekspert sözlərinə görə, danışıqlar prosesi demək olar ki, dayanıb:
"Əgər sülhün əldə olunması üçün addımlar atılmır və Ermənistan bütün imkanları ilə bu prosesləri ləngidirsə, o zaman hadisələr tamamilə fərqli istiqamətdə cərəyan edəcək. Yəni onlar sülh istəmirsə, demək bunun alternativi olan müharibəni əldə etməyə çalışır ki, beynəlxalq ictimaiyyətin diqqətinə Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə yönəldə bilsin. Bununla da İrəvan üçün çalxalanmalara gətirib çıxaracaq sülh sazişinin imzalanmasını ləgitməyə çalışır. Eyni zamanda sazişin imzalanması Paşinyan hakimiyyətinin nöqtəsini qoya bilər. Ümumiyyətlə təxribatlar törətmək Ermənistanın sülh sazişinin ləngitmək üçün yeganə çıxış yoludur".