Azərbaycanda İran casuslarına qarşı yeni əməliyyat keçirilib.
"MOİZƏ" xəbər verir ki, əməliyyat nəticəsində Lənkəran və Salyanda xeyli sayda İran agenti saxlanılıb.
Saxlanılanlarla bağlı ətraflı məlumat verəcəyik.
Hadisəyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a söyləyib ki, İran casuslarının kökünü kəsmək üçün öz milli agentura şəbəkəmizi genişləndirmək lazımdır:
"Yəni yerli kadr hazırlığı daha da intensivləşməlidir. Ümumiyyətlə bizim yüksək potensiallı, intellektual və bu sahəyə uyğun gənclərimiz var. İstər xaricdə və ya ölkəmizdə təhsil almış, istərsə də təhsilsiz, amma bu profilə uyğun çox sayda insan mövcuddur. Sadəcə onlar hazırlanmalıdır. Qədim bir misal var ki, "pazı pazla çıxardarlar". Yəni hansısa şəbəkəyə qarşı, ancaq özümüzünkünü yaradaraq mübarizə apara bilərik. Bu ən düzgün metoddur".
Ekspert əlavə edib ki, hazırda bizim yetəri qədər kəşfiyyatçımız yoxdur:
"Bu səbəblə də xarici dövlətlərin agenturası ölkəmizdə yayılır. Qarşısı isə ancaq və ancaq ifşa olunduqdan sonra güc strukturları və DTX tərəfindən alınır. Bu da cüzi bir şeydir. Ona görə də bizə elə gəlir ki, tez-tez agentlər aşkarlanır. Ümumiyyətlə xarici və qonşu dövlətlərə də agentlərimiz göndərilməlidir. Məsələn, qədim Azərbaycan dövlətləri Ağqoyunlu və Səfəvilərin çox güclü ticari cəsus şəbəkələri olub. Hətta buna görə Avropa dövlətlərini öz yanlarına çəkiblər. Yəni bu millətin genində belə bir təcrübə var və istifadə olunmalıdır".