“Rusiya tərəfi Qarabağdakı vəziyyətin nizamlanması üçün ardıcıl addımlar atır”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyulun 25-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəhbərləri ilə üçtərəfli görüşdə irəli sürdüyü təşəbbüsə uyğun olaraq, bütün maraqlı tərəflərlə qarşılıqlı əlaqə çərçivəsində Laçın və Ağdam marşrutlarının paralel açılması sxemi işlənib hazırlanıb.
Onun sözlərinə görə, ilk addım olaraq sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətinin xəttilə Ağdam marşrutu ilə regiona ərzaq partiyası gətirilib: “Qarabağ sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib”.
M.Zaxarova yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın marşrutundan da istifadə olunacağına, ərzaq yüklərinin hər iki istiqamətdə müntəzəm olaraq, maneəsiz şəkildə regiona daxil olacağına ümidvar olduğunu bildirib.
Vladimir Putin də daxil olmaqla Rusiya rəsmilərinin Azərbaycanla bağlı müsbət açıqlamalar verdiyini deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, bunun əsas səbəbi rəsmi Bakının diplomatik müstəvidə balanslı siyasət yürütməsidir:
"İkinci bir tərəfdən İrəvanın son addımları Moskvanı qıcıqlandırıb. Bilirsiniz ki, Rusiya və Ermənistan arasındakı münasibətlər sürətlə gərginləşməyə doğru gedir. Bunun da bir sıra səbəbləri var. Ümumiyyətlə münasibətlərin gərginləşməsi fonunda Kreml də İrəvanın maraqlarını nəzərə almamağa başlayır. Digər tərəfdən humanitar ərzaq yüklərinin rahat şəkildə daşınması Rusiyanın özünün də marağındadır.
Çünki bu BQXK-nın Rusiya bürosu vasitəsilə həyata keçirilir. Gələcəkdə Moskva bundan istifadə edərək özünün regiondakı çəkisini qaldıra bilər. Yəni Zaxarovanın açıqlaması Rusiyanın maraqları konteksindən qiymətləndirilməlidir. Həmçinin ərzaq yüklərini məhz BQXK-nın Rusiya bürosunun aparması Qərbin xoşuna gəlmir. Hətta BQXK-ya Qərbdən bununla bağlı təzyiqlər də gəlir.
Xatırlayırsınızsa, bu günlərdə maşınlar Bərdədə ilişib qalmışdı. Görünür ki, prosesi ləngitmək istəyənlər var. Amma mənim heç şübhəm yoxdur ki, ərzaq yükləri Ağdam marşrutu vasitəsilə lazımı yerinə çatacaq. Bu da Azərbaycanın növbəti diplomatik qələbəsi olmaqla yanaşı, həm də reinteqrasiya prosesinə töhfə verəcək".