"Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib".
Bunu İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşündə deyib.
O, əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu qeyd edib.
İranın Baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
Hadisəni “Sherg.az”a şərh edən millət vəkili Elman Məmmədov qeyd edib ki, İran İslam Respublikasının rəsmilərinin ölkəmizə son səfərləri, İran XİN-in qondarma qurumda keçirilən "seçkilər"lə bağlı mövqeyi və Azərbaycanın ərazi bütövlüyünü tanıması iki dövlət arasındakı gərginliyin yumşalması üçün ümidvericidir:
"Azərbaycan hər zaman İranla münasibətlərin qonşuluq və əməkdaşlıq şəraitində olmasını istəyib. İran Baş Prokurorunun gəlməsi və səfirliyimizə olunan hücumla bağlı məlumat verməsi də iki ölkə arasındakı münasibətlərin yaxşılığa doğru getməsindən xəbər verir".
Parlamentarinin sözlərinə görə, rejimin ermənipərəst mövqeyi bizi ən çox narahat edən amillərdəndir:
"Ancaq son zamanlar ermənilərin İrana xəyanəti və ABŞ-lə hərbi təlim keçirməsi ölkəyə rəhbərlik edən molla rejimini ayıldıb. Yəni bu rəsmi Tehranın ədalətli mövqeyə qayıtmasına kömək ola bilər. Digər tərəfdən hesab edirəm ki, səfirliyimizə olunan hücumla bağlı gedən məhkəmə prosesində Azərbaycanın müvafiq hüquq mühafizə orqanlarının iştirakı təmin olunmalıdır. Çünki İrandakı səfirliyimizin ərazisi Azərbaycan torpağı hesab olunur. Yəni bizim ərazimizdə terrakt törədilib. Ona görə də Azərbaycanın dövlət qurumlarının işlə yaxından tanış olması və müdaxilə edə bilməsi cinayətkarların layiqli cəzalarını alması üçün üçün vacibdir".