İran xalqının inqilab qiyamından bir il keçməsindən sonra İranın hakimiyyət orqanları cəmiyyətə qorxu aşılamaq üçün ölüm hökmündən misli görünməmiş şəkildə istifadə edir.
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat verib.
Qurumdan bildirilir ki, son bir il ərzində İranda ən azı 697 nəfər dar ağacından asılıb. Bu isə ötən dövrlə müqayisədə 36 faiz artım deməkdir.
İranda baş verən qiyamdan bir il ötdüyünü deyən Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili "Sherg.az"a bildirib ki, bu il ərzində iqtisadi vəziyyətin yaxşılaşması və orada yaşayan xalqların istəklərinin yerinə yetirilməsi fonunda heç bir irəliləyiş yoxdur:
"Çünki Tehran rejimi etirazlara qulaq asmaq və diplomatik dialoq yollarını seçmək yerinə ac, ümidsiz qalmış xalqa zülm edir. Ona görə ki, İrandakı hakimiyyət qorxu, basqı və zülm rejimidir. Onlar əlindəki gücdən xalqı asıb-kəsmək üçün istifadə edən rejim olaraq vəziyyəti idarə etməyə çalışır. Bilirsiniz ki, İran əhalisinin sayına görə ən çox edamın olduğu ölkələr arasında birinci sıradadır. Digər tərəfdən siyasi edamlar İranda çox yayğın hal alıb. Hələ 1988-89-cü illərdə minlərlə tələbə və İranda yaşayan xalqların ziyalıları sırf siyasi düşüncələrindən ötrü edam edildilər. Hətta onların edamı üçün güllə pulu alındı və ölümləri barəsində aylar sonra ailələrinə məlumat verildi".
Xanım analitikin sözlərinə görə edamlar illərdir davam edir:
"Fərqli dinlərə, inanclara mənsub olanlar və siyasi görüşləri dövlət tərəfindən bəyənilməyənlər müxtəlif bəhanələrlə dövlət tərəfindən edam edilir. Ümumiyyətlə İran nəfəs almağın belə mümkün olmadığı bir ölkəyə çevrilib. Hətta xalq hüquqları və şəxsi ərazi baxımından da dövlətin nəzarətindədir. Dövlət hər yerə silah və idealogiyasını yayır. Yəni idealojik olaraq fərqli ölkələrdə özünə qruplar qurur. Daha sonra isə onlara pul və silah göndərərək xüsusən müsəlman dünyasında savaşın alovlanmasına səbəb olur. Ümumiyyətlə müsəlmanın müsəlmanı öldürdüyü yerdə İranın əli var. Ölkənin bütün imkanları rejimin fərqli terror qruplarını bəsləməsinə gedir. Bunun yükünü isə daxildəki xalqlar ödəyir. Belə bir vəziyyətdə xalqın dövlətdən tələbi olduqda isə rejim tərəfindən edam edilir. Onsuz da İran qorxu və zülm üzərində qurulmuş bir diktator rejimidir. Bu isə xalq ilə dövlət arasındakı uçurumu böyüdür. Qorxunun çox olduğu yerdə nifrət də artır. Bu nifrət bir gün rejimin əlində partlayacaq".