Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – MN-in məlumatında deyilir.
Təxribatları "Sherg.az"a şərh edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, son həftədə Rusiya kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin ordumuzun mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngərlər inşa etməsi intensivləşib:
"Ümumiyyətlə son 3 ay ərzində Ermənistan tərəfi adı çəkilən ərazilərdə hərbi obyektlərin inşasını təxminən iki dəfəyə qədər artırıb. Bu fəaliyyətlər Ermənistanın həm sərhəddə, həm də rusların nəzarətində olan ərazilərdə paralel olaraq atəşkəsin pozulması ilə müşayiət olunur. Sadalanan fəaliyyətlər Ermənistanın növbəti və daha genişmiqyaslı toqquşmalara hazırlaşdığını nümayiş etdirir. Bunları nəzərə alaraq ordumuz daim ayıq-sayıq olmalı, düşmənin mümkün təxribatlarının qarşısının alınması üçün daha təsirli tədbirlər görməlidir".