2030-cu ilə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL) köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırır.
Bunu QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev Milli Məclis deputatlarının iştirakı ilə keçirilən tədbirdə AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planını açıqlayarkən bildirib.
"Donanmamızın genişləndirilməsi bizə yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək. Strategiyamızın digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır", - S. Rzayev aviasiya senayesinin üzləşdiyi çətinliklər, o cümlədən AZAL-ın bazarda mövqeyini möhkəmləndirmək və sərnişinlərin tələbatını ödəmək məqsədi ilə qarşıdakı illər üçün strategiyası və planlarından danışarkən deyib.
Qeyd edilib ki, belə aviapark ilk növbədə, kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcək.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a deyib ki, iclas zamanı idarəetmənin forması barəsində hansısa sual və ya açıqlama verilməyib:
"Təyyarə parkının dəyişdirilməsi rutin qaydadadır və öncədən bilinirdi. Çünki əvvəlcədən imzalanmış müqavilələrə görə 2027-2028-ci ilə qədər təyyarələr Azərbaycana gələcək. Amma idarəetmənin forması necə olacaq? Rəqabətli mühitin yaradılması ilə bağlı AZAL hansı tədbirləri görəcək? Yerüstü xidmətləri öz əlindən buraxacaqmı? Ölkədə boş qalan 5 hava limanının taleyi necə olacaq? Bu hava limanlarını başqa şirkətlərə verməyə mane olacaqmı kimi suallar hələ də açıqdır. Ümumiyyətlə ölkədə xeyli hava limanının olmasına baxmayaraq uçuşların 99 faizi Bakıdan həyata keçirilir. Bu isə israfçılıqdır. Əslində gözləntilər böyükdür. İnsanlar düşünür ki, rəhbərlik dəyişdikdən sonra rəqabətli mühit yaranacaq, qiymətlər aşağı düşəcək və xarici şirkətlərin ölkəyə girişi üçün imkanlar olacaq. Amma bunun baş verib-verməyəcəyini indi demək çox çətindir. Çox təəssüflər olsun ki, dünənki çıxışda idarəetmənin dəyişdirilməsi və gələcək planlar haqqında insanların gözləntilərinə cavab verəcək açıqlamalar görmədik".