Erməni yalanları yüksək tribunadan ifşa olunacaq

Ceyhun Bayramov Nyu-Yorkda Azərbaycanın haqq səsini yayacaq


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Bİrləşmiş Millətlər Təşkilatı tribunasında iştirak etmək Ermənistan, onun havadar dövlətlərinin Azərbaycana qarşı süni  olaraq yaratdığı antiazərbaycan şousuna dirənmək və Azərbaycan gerçəkliyini dünyaya çatdırmaq üçün çox ciddi bir imkandır:

"Ona görə də bu, ermənilərin, havadar dövlətlərin blokada, aclıq kimi təbliğat xarakterli şousunun siyasiləşdiyini dünyaya çatdırmaq üçün mötəbər bir tribunadır. Məqsəd təkcə sessiyada çıxış  etmək deyil. Həmçinin orada iştirak edən ciddi ölkələrin rəsmiləri ilə təmas qura biləcəyik. Erməni hiyləsini ifşa etmək üçün böyük imkan əldə edəcəyik. Bu baxımdan tədbirə qatılmaq  çox vacibdir. Çünki hiyləgər, yalançı Ermənistan dövləti hər dəfə  kiçik bir tribunadan belə Azərbaycana əleyhinə istifadə edib, yalanlar bəyan edərək dünyanı aldatmağa çalışıb. Bu  gün bu proses yenə davam edir. Təəssüf ki, birtərəfli qaydada bu yalanlara inananlar və inanmaq istəyənlər var. Bunları ifşa etməyin yolu isə bu cür mötəbər tribunalardan və sessiyada istifadə etməkdir ".