Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Hakim Gürcü Arzusu Partiyasının prezidenti və deputat İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvili də daxil olmaqla ümumilikdə 80 deputatın imzaladığı petisiyanın Konstitusiya Məhkəməsi tərəfindən araşdırılacağı qeyd edilən bəyanatda “İş Konstitusiya Məhkəməsinin Baş Məclisinə verilib. O, bir ay ərzində məsələyə qiymət verib, nəticəsini parlamentə təqdim edəcək” deyə qeyd edib.
Zurabişvilinin yalnız öz qərarı ilə Avropaya görüşlər keçirməyə getdiyini əsas gətirən Kobaxidze, prezidentin konstitusiyanı pozduğunu əsas gətirərək ona qarşı impiçment prosesi üçün hərəkətə keçdiklərini bildirib. Konstitusiyaya görə, Gürcüstan prezidentinə qarşı impiçment prosesinin başlanması üçün 150 nəfərlik parlamentdə 50 deputatın imzası, prosesi başa çatdırmaq üçün isə 100 deputatın dəstəyi lazımdır. Müvafiq olaraq, parlamentdə cəmi 84 mandata sahib olan hakim “Gürcü arzusu” partiyasının müxalifət partiyalarından dəstək alması lazım gələcək.
Salama Zurabaşvilinin ikili vətəndaşlığı olan nadir dövlət başçılarından sayıldığını deyən politoloq Samir Hümbətov "Sherg.az"a vurğulayıb ki, o Prezident olaraq bir növ Qərbin Gürcüstandakı yumuşaq gücü sayılır:
"Hətta Zurabaşvilinin hakimiyyətə gəlməsində Qərbin dəstəyi böyük olub. İndiki hakimiyyət, yəni "Gürcü arzusu" partiyası İvanaşvilinin çətiri altındadır. İvanaşvili isə Rusiyanın dəstəyini alan adamdır. Digər tərəfdən bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev bildirdi ki, Gürcüstanda baş verən hadisələr bizim maraqlarımıza uyğundur. Bununla göstərmiş oldu ki, Gürcüstandakı hökumət bizə yaxındır. Həmçinin Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunmasına baxmayaraq Medvedev söylədi ki, rəsmi Tbilisi tərəfindən həmin ərazilərin "müstəqilliyi" tanınmalıdır. Ümumiyyətlə Gürcüstandakı mövcud hökumət Rusiyanın, Prezident isə Qərbin adamıdır. Əsas qarşıdurma isə bunun üzərində gedir. Yəni Gürcüstanda Qərb-Rusiya mübarizəsi var. "Gürcü arzusu" partiyasının müxalifətdən dəstək alması isə real görünmür. Çünki müxalifət Qərbyönümlüdür. Belə vəziyyətdə isə "Gürcü arzusu"nun arzularının gerçəkləşəcəyi real görsənmir. Digər tərəfdən hökumət müxalifəti dilə tuta bilsə, impiçment prosesi başlayacaq və öz nəticəsini verəcək. Amma dediyim kimi müxalifətin Qərblə əməkdaşlığının olması buna imkan verməyəcək".