Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.
Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon danışığını "Sherg.az"a şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, Türkiyə və Azərbaycan arasındakı qardaşlığın dünyada analoqu yoxdur:
"Dünyada tərəfdaş, dost ölkələr çoxdur, amma siyasətdə qardaşlıq edən ölkə yoxdur. Azərbaycan və Türkiyənin siyasi əməkdaşlığı isə sırf qardaşlıq üzərində qurulub. Bu mənada iki dövlətin də hər məqamda bir-birinin yanında olması gözləniləndir. Xatırlayırsınızsa Türkiyə İraqda və Suriyada anti-terror əməliyyatları keçirdiyi zaman Azərbaycan xalqı Bakı küçələrinə axın edərək qardaşlarımıza dəstək verdilər".
T.Abbaslının sözlərinə görə, Azərbaycan və Türkiyə həm dövlət, həm də xalq olaraq bir-birinin problemlərinə özününkü kimi yanaşır:
"Ümumiyyətlə güclü Azərbaycan güclü Türkiyə güclü Türkiyə isə güclü Azərbaycan deməkdir. Rəcəb Tayyib Ərdoğan və onun iqtidarı da qeyri-şərtsiz Azərbaycanın yanında olurlar. İndiki məqamda isə həm siyasi, həm də hərbiçi dəstək bizə çox vacibdir. Türkiyə Prezidenti lazım gəldikdə "Bayraktar"larla, lazım gəldikdə isə BMT-nin kürsüsündən Qarabağ Azərbaycandır deyərək bizim yanımızdadır".