İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır və hesab edir ki, bu bölgənin məsələləri, o cümlədən əhalinin hüquq və təhlükəsizliyi bu çərçivədə həll edilməlidir. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani sentyabrın 20 də Tehranda keçirdiyi brifinqdə deyib. O bildirib ki, İran regionda baş verən hadisələri diqqətlə izləyir və tərəfləri sülhə dəvət edir. Rəsmi nümayəndə İranın sülh yaratmaq üçün vasitəçilik etməyə hazır olduğunu bildirib və nəzərə çatdırıb ki, region dövlətlərinin mübahisəli məsələlərini 3+3 formatında, danışıqlar yolu ilə həll olunmasına tərəfdardır.
İranın hazırkı situasiyadakı mövqe dəyişikliyi gözlənilməz olmadığını deyən politoloq Züriyə Qarayeva "Sherg.az"a vurğulayıb ki, rejim mövcud ritorika ilə razılaşma məcburiyyətində qalıb:
"Təəssüf ki, rəsmi Tehran Bakını 90-cı illərdəki gücü ilə müqayisə edirdi. Yəni düşünürdü ki, nə həmin dövrdə Ermənistanın torpaqlarımızı işğal etməyə şərait yaratdığı kimi prosesi davam etdirəcək. Amma bugünkü Azərbaycan çox fərqlidir. Biz siyasi, iqtisadi, hərbi və diplomatik anlamda bölgənin güclənən ölkələrindən biriyik. Ümumiyyətlə İran tarixi, siyasi və strateji baxımdan Azərbaycanın güclənməsindən xoflanır. Məlum məsələdir ki, İran hakimiyyəti 1813-cü ildən bu yana olan tarixi təhrif etməyə çalışır. Onlar Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı da bundan istifadə edir. Həmçinin Tehran rejimi Azərbaycanın güclənərək öncəki tarixinə də baxış edəcəyindən qorxur. Digər tərəfdən İran şovinist idealogiyaya malik ölkə olduğu üçün, bölgədə alternativ gücün formalaşması və Türkiyə amilinin yaranması onun maraqlarına ziddir”.
Xanım analitik qeyd edib ki, Azərbaycan nəinki İranın, hətda daha böyük güclərin Ermənistana dəstək verməsinə baxmayaraq öz haqlarını və suverenliyini təmin etdi:
“Düşünürəm ki, İndiki məqamda İranın "u"dönüşü etməsi Azərbaycanın gücünü və Türkiyənin regionda var oluşunu qəbullanması ilə bağlıdır. Yəni Cənub qonşumuz ağıllanaraq real situasiyadan özü də faydalanmağa çalışır. Çünki Tehran yaxşı başa düşür ki, Bakının bölgədə yaratdığı yeni siyasi konfiqurasiya onun özü üçün də dividentlər vəd edir. Həmçinin anlayır ki, xoflandığı Zəngəzur dəhlizi belə ona yeni avantajlar yaradan bir layihədir. Odur ki, İran bölgədəki yeni vəziyyəti qəbullanmaq və bundan özü də paydaş olmaq siyasətini həyata keçirir".