Oktyabrın 1-də BMT-nin missiyası Qarabağa gəlib. Missiyanın üzvləri səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir.
Bununla Azərbaycan göstərdi ki, cavab verə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur.
Həmçinin bu səfər Azərbaycan erməniləri çıxartmadığını, onlara hər hansı təzyiq göstərilmədiyini və öz xoşları ilə getdiklərini bir daha sübut edəcək.
Hadisəyə münasibət bildirən millət vəkili Asim Mollazadə "Sherg.az"a vurğulayıb ki, artıq bütün dünyaya Azərbaycanın apardığı humanist siyasət bəlli olur:
"Azərbaycan öz ərazisində suverenliyini bərpa edərək erməni əhaliyə reinteqrasiya ilə bağlı təklifləri verib. Kim qalmaq istəsə, buyursun. Getmək istəyənlərsə öz qərarları ilə hərəkət edə bilərlər. Ümumiyyətlə Azərbaycan böyük humanistlik nümayiş etdirir. Bunu isə hər kəs gəlib canlı şəkildə təsdiq edə bilər. Reallığı görmək istəməyənlərsə, deməli qərəzlidirlər. BMT-nin missiyası həqiqəti danışacaqsa, problem yoxdur. Çünki bizə həqiqət lazımdır".
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.