Ukraynada hərbi əməliyyatlar Qərbin arzu etdiyi kimi davam etmir, ona görə də münaqişə uzana bilər.
Bu barədə Böyük Britaniya müdafiə naziri Ceyms Kleverli deyib.
O bildirib ki, ruslar nəzarətə götürdüyü ərazilərdə xeyli ciddi manelər yaradıblar və bu səbəbdən münaqişə uzanmaqda davam edir.
Kleverli buna baxmayaraq qeyd edir ki, Ukrayna döyüşçüləri irəliləməkdədirlər:
“Daha səbrli olmalıyıq. Bu o deməkdir ki, biz daha uzun müddət əzmkarlığımızı qorumalıyıq", - nazir əlavə edib.
O, etiraf edib ki, Qərb üçün vahid cəbhə yaratmaq asan deyil.
Ceyms Kreverlinin açıqlamasına münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a vurğulayıb ki, bu fikirlər müharibənin uzanacağı gerçəyini etiraf etməkdir:
"Savaşın uzanmasının əsas səbəbi Qərb dünyasının xüsusilə də, ABŞ-nin Ukraynaya çevik qərarlar qəbul edə bilməməsi və silahların zamanında ötürülməməsidir. Strateji silahlar vaxtında Ukraynaya verilmiş olsaydı, Rusiyanın indiki qurduğu möhkəm istehkamları, müdafiə xəttini yaratmaq mümkün olmazdı. Rusiyanın müdafiəni yarada bilməsinin səbəbi zaman qazanması oldu. Yəni bu bilavasitə Qərbin günahıdır. Çünki çevik və vahid qərarlar qəbul edə bilmirlər. Digər tərəfdən ayrı-ayrı mərkəzlər var ki, onlar da bu məsələnin içərisində siyasi oyun oynayırlar. Ancaq hər bir halda bu başqa yolun olmadığının da etirafıdır. Ukrayna çox sürətlə rus qoşunlarını öz ərazisindən çıxara, işğal faktını aradan qaldıra bilmir və əks-hücum əməliyyatlarını çox tədrici proses ilə davam etdirir deyə Rusiya da buna qarşılıq ciddi tədbirlər həyata keçirmir. Həm Rusiya, həm də Ukrayna baxımından sürətli ciddi hərbi əməliyyatlar, nəticələr, uğurlar əldə etmək imkanı bu gün mümkün deyil.
Qərb dünyası tez bir şəkildə Ukrayna tərəfinə yardım etməli və sona qədər davamlı olmalıdır. Çünki rəsmi Kiyevə yardımlar kəsildiyi təqdirdə bu Rusiyanın Ukrayna üzərində qələbəsi sayılmayacaq. Rəsmi Moskvanın Qərb, NATO üzərində qələbəsi olacaq. Belə olan halda Rusiyanın NATO ölkələrinə aqressiyasının dayanması növbəti problemlərə gətirib çıxaracaq. Ona görə də İngiltərə bu yöndə müəyyən qədər fəaliyyətə keçib. İngiltərə Ukrayna əsgərlərinə rəsmi Kiyev ərazisində hərbi təlimlər keçəcək. Eyni zamanda hərbi müdafiə saneyesi kontekstində Ukraynanın ərazisində istehsal sahələri yaradılır. Həm artilleriya, həm də raketlərin istehsalı baxımından Ukraynada ciddi işlər görülür. Bu isə birincisi onlara zaman qazandıracaq. Çünki bu istehsal olunmuş silah-sursatları digər ərazidən Ukraynaya daşımaq çox zaman aparır. Ancaq öz ərazisində nə qədər silah istehsalı üçün zamanın lazım olduğunu Ukrayna ordusu yaxşı bilir. Bu da operativliyi, çevikliyi artırır və Ukraynanın Rusiya üzərində üstünlüyünə yardımcı olur. Bu yöndə müəyyən addımlar atılıb. Nəticəsinin necə olacağını görəcəyik".