Asim Mollazadə: Avropa Parlamentinin qərarlarından erməni diasporunun qoxusu gəlir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat yayıb.
 Bəyanatda deyilir:
"Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında öz əksini tapmış qeyri-etik, beynəlxalq qanunlara zidd və mövcud reallıqları təhrif edən fikirlərə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir.
Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusilə erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəlik məhz Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Təəssüflər olsun ki, bu müddət ərzində Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin deputatları tərəfindən də açıq-aşkar və məqsədyönlü şəkildə zərbə altına alınmışdır.
Qəbul edilmiş bu sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların əks etdirilməsi bunun bariz nümunəsidir.

Məsələ ilə bağlı "Sherg.az"a danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə  bildirib ki, bu qərəzli sənədlərin arxasından müəyyən lobbi qruplarının, yəni erməni diasporasının qoxusu gəlir:

"Siyasi korrupsiyaya qurşanmış nümayəndələr həmin istiqamətdə qərarlar qəbul edirlər. Eyni zamanda Azərbaycana qarşı beynəlxalq təşkilatlarda hansısa qərəzli sənədlərin qəbul olunması üçün Fransa tərəfindən bir sıra ölkələrə qarşı təzyiqlər edilir. Çünki Fransa münaqişənin həll olunmaması üçün öz siyasəti ilə hər cür imkanlardan istifadə edir. Eyni zamanda Paris bölgədə sülhün təmin olunmasının qarşısını almağa çalışır və gərginliyi artırır. Fransa Ermənistanı silahla da təmin etmək istəyir. Bunların hamısı isə erməni diasporasının arzusudur. Onlara ermənilərin faciələri lazımdır. Avropa Parlamentin komitəsi bilavasitə olaraq Fransanın ciddi təzyiqi altında fəaliyyət göstərir. Belə sənədlərin qəbulu bizim gələcək münasibətlərimizə çox ciddi xələl gətirəcək. Azərbaycanla Avropa təşkilatları arasında problemlər yaratmaq isə erməni diasporasının məqsədidir".