ATƏT-in olmayan Qarabağ probleminə yenidən qarışmaq məsələsi tarixdə qalıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Skopyedə ATƏT Baş katibi Helqa Şmidlə görüşdü. Nazir Ermənistanın Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri barədə qarşı tərəfi məlumatlandırıb. Vurğulayıb ki, erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistan və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşür. Həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı qeyd olunub.
Politoloq Azər Qasımov "Sherg az"a açıqlamasında bildirib ki, Azərbaycan XİN başçısının ATƏT-in baş katibinə Qarabağ ətrafındakı proses barədə məlumat verməsi normal haldır. Ekspert vurğulayıb ki, Azərbaycan qurumun üzvüdür və beynəlxalq qurumları məlumatlandırmaq ümumi işin gedişi üçün lazımlıdır:
"ATƏT barədə Azərbaycan dövlətinin fikri bəllidir. ATƏT-in yenidən olmayan Qarabağ probleminə qarışmaq məsələsi tarixdə qalıb. Kiminsə istəməsindən asılı olmayaraq, bu, mümkün deyil. Azərbaycan Qarabağ məsələsini həll edib. XİN-in ATƏT baş katibinin suallarına cavab verməsi sadəcə rutin və adi prosedurdur. ATƏT-in baş katibinin məlumatı prosesin mərkəzində olan XİN-dən alması daha məqsədəuyğundur. Əks halda qurum daxilində yanlış informasiya və fikir formalaşa bilər. Konkret olaraq Qarabağ ermənilərinin bu görüşdə müzakirəyə çıxarılması isə ATƏT rəsmisinin "vəzifə borcudur" deyə bilərik. Daha doğrusu, 30 illik vasitəçilik dövründən qalmış vərdişdir".